Kosmosun fatehi Qaqarin öləndə gödəkcəsinin cibindən bunlar çıxmışdı
Bu gün 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. Məhz 1961-ci ilin bu günü Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa 108 dəqiqəlik uçuş edib.
Lent.az kosmosun ilk insanının həyatından maraqlı məqamları təqdim edir.
Qaqarinin idarə etdiyi "Vostok1" kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu zaman onun cəmi 27 yaşı vardı. İlk kosmik uçuş 1961-ci il aprelin 12-də Qazaxıstandakı Baykonur kosmodromundan başladı. Yuri Qaqarin Sovet İttifaqının kosmosa göndərmək üçün seçdiyi 20 kosmonavtdan biri idi. Sonradan bu siyahı daha da qısaldıldı və orada yalnız iki nəfərin - Yuri Qaqarin və German Titovun adları qaldı. İki nəfərdən Qaqarinin seçilməsinə səbəb onun daha sadə ailədən çıxması idi. Qaqarin fəhlə, Titov isə ziyalı oğlu idi.
***
1961-ci ilin əvvəllərindən ABŞ astronavtı Alan Şepard da kosmosa uçuş üçün məşq edirdi. O, "Redstone" adlı raketlə 1961-ci ilin mayında uçmalı idi. Sovet kəşfiyyatı bu barədə məlumatlar əldə etmişdi. Sovet kosmik proqramının rəhbəri Sergey Korolyov amerikalıların birinci olacağından narahat olduğundan Qaqarinin uçuşu bir ay əvvələ, aprelin 12-nə nəzərdə tutuldu. Yerli vaxtla saat 09:07-də uçuşa start verilərkən Qaqarin tarixə düşəcək bir kəlmə dedi: "Poyexali" - "Getdik".
***
Uzun illər Qaqarinin kosmosda keçirdiyi 108 dəqiqəlik uçuş təəssüratları gizli saxlanılıb. Yalnız 1991-ci ildə - kosmosa ilk uçuşdan 30 il sonra Qaqarinin hesabatı üzərində məxfilik qrifi açıldı və o, dərc edildi. "Yer kürəsini gəmi- peykdə dövr edərkən mən planetimizin nə qədər gözəl olduğunu gördüm. İnsanlar, bu gözəlliyi dağıtmayacaq, qoruyacaq və daha da artıracağıq!".
108 dəqiqə Yuri Qaqarinin həyatını büsbütün dəyişdi. Kosmosun ilk adamı bu uçuşdan sonra dünya ölkələrini “fəth” etməyə başladı.
1964-cü ildə Qaqarin kosmonavtlar hazırlayan Mərkəzin rəis müavini təyin olunur. O, həm də SSRİ Ali Sovetinin 6-7-ci çağırış deputatı, Sovet-Kuba dostluq cəmiyyətinin sədri idi. Bütün bunlar onun vaxtını həddən çox alırdı.
***
6 illik fasilədən sonra Qaqarin 1967-ci ilin dekabrında "MİQ-17"-də müstəqil uçuş edir, lakin bu uçuş 6 il əvvəlki uçuşdan deyildi.. Qaqarin yerə enən zaman düzgün hesablama apara bilmədi və uzun müddət hərbi hava limanının üzərində dövrə vurmağa məcbur oldu.
O, yenidən kosmosa uçmaq niyyətində idi. Ona görə də Qaqarin inadla məşq edir, unutduqlarını bərpa etməyə çalışaraq, gecə-gündüz hava limanından ayrılmırdı. Amma artıq hamıya aydın idi ki, Qaqarin təkbaşına uçuş etməyə hazır deyil.
***
1968-ci il martın 27-də saat 10:18-də Yuri Qaqarin və təyyarəçi-təlimatçı Vladimir Seryogin "MİQ-15" təyyarəsində növbəti təlim uçuşuna qalxdılar. Sınaq uçuşu üçün 20 dəqiqə nəzərdə tutulmuşdu. Amma saat 10:30-daQaqarin yerə enmək üçün icazə istədi. Bundan sonra təyyarə ilə əlaqə kəsilir. 3 saatlıq axtarışdan sonra, saat 14:50-də təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzindən 85 kilometr aralı, Novoselovo kəndi ətrafında tapmaq mümkün olur.
Qəza nəticəsində hər iki Sovet İttifaqı Qəhrəmanının meyitləri tanınmaz vəziyyətə düşmüşdü. Qəza baş verən zaman Qaqarinin 34 yaşı vardı və vaxtsız ölümdən qabaq o, Aya göndəriləcək sovet ekspedisiyasına rəhbərlik edəcək ən potensial namizəd hesab olunurdu.
Qaqarinin ölümündən sonra müxtəlif fərziyyələr dolaşdı. 50 ildən sonra açıqlanmış rəsmi məlumatlara görə, Qaqarinin ölümü təyyarənin kabinəsinin hermetikliyinin pozulması nəticəsində baş verib.
Qəzadan sonra hadisə yerində Qaqarinin gödəkcəsinin bir parçası tapıldı. Cibində isə ərzaq talonu, sürücülük vəsiqəsi, 40 rubl və Sergey Korolyovun şəkli vardı...



