[ 11 Aprel 2015 22:52 ]
Sabirabad rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Elnur Əliyevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Sabirabad rayon Yaxa Dəllək kənd sakinləri 1990-cı il təvəllüdlü Əsədov İsaxan İlqar oğlu və 1984-cu il təvəllüdlü Məmmədov Rauf Ərəbxan oğlu qabaqcadan əlbir olub qrup təşkil edərək, saxlanc yerinə qanunsuz daxil olmaqla kənd sakinlərinin xeyli miqdarda iri və xırdabaşlı heyvanlarını oğurlayıblar. Adı çəkilən şəxslər 30 mart 2015-ci il tarixdə gecə saat 03.00 radələrində Sabirabad rayonun Əliləmbəyli kəndində vətəndaşa məxsus həyətindəki tövlədən qiyməti 1200 manat və 900 manat olan 2 baş inəyi, cəmi 2100 manat dəyərində özgə əmlakını talamaqla oğurluq ediblər.
Bundan başqa onlar təkrarən, 01 aprel 2015-ci il tarixdə saat 02.00 radələrində Sabirabad rayonun Yaxa-Dəllək kəndində vətəndaşa məxsus həyətindəki tövlədən qiyməti 190 manat olan 3 baş, qiyməti 150 manat olan iki baş, 120 manat dəyərində olan iki baş və qiyməti 100 manat olan 2 baş qoyun və quzu, cəmi 1310 manat dəyərində özgə əmlakını talamaqla oğurluq ediblər.
Hər iki şəxs barəsində həbs-qəti imkan tədbiri seçilib.
Faktla bağlı Sabirabad rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.