Bakı, 11 aprel, Əziz Məmmədov, AZƏRTAC
Bu gün biz I Azərbaycan-Alman-Türk tibb konqresinin açılışına toplaşmışıq. Konqresin işində Almaniyanın və Türkiyənin universitet klinikalarından dəvət olunmuş 14 professor iştirak edir. Konqresdə ümumi və laparoskopik cərrahiyyə, onkologiya, qastroenterologiya, endoskopiya və radiologiya sahəsində yeniliklərə, habelə dünyanın aparıcı ölkələrində müxtəlif xəstəliklərin diaqnostikasında və müalicəsində son yeniliklərə həsr olunmuş məruzələr dinləniləcək. İxtisaslı kadrların hazırlanması üçün belə konqresin keçirilməsini çox faydalı hesab edirəm. Digər tətəfdən, I Azərbaycan-Alman-Türk tibb konqresi həkimlərimizin öz nailiyyətlərini və görülmüş işləri nümayiş etdirməsinə imkan verir ki, bu da xarici həmkarlarımız tərəfindən qiymətləndirmə üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Almaniya Tibb Əməkdaşlığı Cəmiyyətinin (GAMCA) sədri, professor Qurban Müslümov jurnalistlərlə müsahibəsində bildirib. O, müsahibəsinin sonunda deyib: “Konqres zamanı endosonoqrafiya üzrə üçgünlük beynəlxalq sertifikatlı treninqlər keçiriləcək. Hər gün laparoskopik cərrahiyyə, endoskopiya, ümumi cərrahiyyə və radiologiya üzrə CME sistemi üzrə 21 bal qazanmış dörd saatlıq “Workshop”ların keçirilməsi planlaşdırılır. Qeyd etmək istəyirəm ki, postsovet məkanında ilk dəfə olaraq bu “Workshop”lara CME (Continuing Medical Education) sistemi üzrə ballar verilib, sertifikatlar isə beynəlxalq status qazanıb”.