Bakı, 11 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə I “Ümumrespublika yaşıllaşdırma marafonu”na qoşulan suraxanılılar rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini böyük ruh yüksəkliyi ilə davam etdiriblər.
AZƏRTAC xəbər verir ki, növbəti ağacəkmə aksiyası aprelin 11-də rayonun Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə küçəsinin ətrafında keçirilib. Aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, aparatın əməkdaşları, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə, təhsil müəssisələrinin işçiləri və sakinlər iştirak ediblər. 250 nəfərin iştirak etdiyi növbəti aksiyada 500 ədəd kiparis ağacı əkilib.
Həmçinin rayonda neftlə çirklənmiş torpaqlarda görülmüş tədbirlər nəticəsində ümumi sahəsi 2,3 hektar olan 24 gölməçə qurudulub, neftlə çirklənmiş 12 hektar torpaq sahəsi bərpa edilib, 28 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib.
Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.
“Ümumrespublika yaşıllaşdırma marafonu”nun növbəti mərhələsində Suraxanı rayonunda 3 min 500 ağacın əkilməsi nəzərdə tutulub.