Bakı, 11 aprel, Əziz Məmmədov, AZƏRTAC
Son illər Azərbaycan iqtisadi tərəqqiyə nail olub, ölkənin iqtisadi potensialı artıb ki, bu da öz növbəsində ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması sahəsindəki problemlərin sabit həllinə şərait yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişaf etdirilməsi və əhalinin dünya standartlarına cavab verən tibbi yardımla təmin olunması üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Ötən illər respublikada 500-dən çox tibb müəssisəsi təmir edilib və müasir avadanlıqla təchiz olunub. Azərbaycanda səhiyyənin digər sahələri kimi onkologiya da sürətlə inkişaf edir. Belə ki, ölkəmizdə onkoloji xəstələrin sayı tədricən azalır. Milli Onkologiya Mərkəzində (MOM) xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün hər cür şərait yaradılıb və təchizatına görə mərkəz Avropanın qabaqcıl klinikalarından geri qalmır.
AZƏRTAC xəbər verir ki, bu sözləri I Azərbaycan-Alman-Türk konqresinin işində iştirak edən respublikanın baş onkoloqu Azad Kərimli jurnalistlərlə müsahibəsində bildirib. Azərbaycanın baş onkoloqu müsahibəsinin sonunda deyib: “Son nailiyyətlər arasında qeyd etmək istərdim ki, Azərbaycan onkoloji xəstəliklər zamanı şüa terapiyasının keçirilməsi üzrə Avropanın altı baza ölkələrindən birinə çevrilib. 2014-cü il oktyabrın 8-də MOM ilə Amerikanın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyalar layihələşdirən və buraxan “Varian Medikal Sistem” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Beləliklə, Milli Onkologiya Mərkəzi rəsmi referens-mərkəz statusu qazanıb. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsi, daha qısa müddətlərdə Azərbaycana müasir texnologiyaların gətirilməsi, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi keçirilməsi üçün imkanlar yaradır. Bununla yanaşı, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətlərin dünyanın digər aparıcı klinikaları tərəfindən tanındığını təsdiqləyir”.