Bakı. 11 aprel. REPORT.AZ/ Dağlıq Qarabağ problemi Ermənistanı ümumi iqtisadi-siyasi inkişafdan saxlamaqla bərabər həm də ölkəyə demoqrafik cəhətdən zərbə vurur. Bunu "Report" a Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib.
O qeyd edib ki, erməni xalqının sayı artmır: "Xalq durmadan istər Qarabağ ərazilərindən, istərsədə Ermənistandan çıxaraq digər ölkələrə üz tutur. Bu artıq Ermənistan üçün böyük təhlükədir".
Z. Oruc deyib ki, ermənilər çox yaxşı dərk edirlər ki, Dağlıq Qarabağ məsələsində hər hansı bir razılığa gəlməlidirlər: "Onların parlamentlərində də bu məsələ müzakirəyə çıxaraılıb. Amma hələ indiyə qədər heç ermənilər də bu suala cavab tapa bilməyiblər ki, Azərbaycanla hansı razılğa gəlsinlər. Əgər Ermənistan tərəfi sülh istəmirsə məsələni müharibə yolu ilə həll etməlidir. Müharibədə isə iqtisadi imkanlar çox önəmli rol oynayır. Çünkü müharibə böyük pulların hesabına aparılır. Ermənilər isə bu imkana sahib deyil, ümumi büdcələri 3,2 mld. dollar, 410 mln. dollar isə hərbi sektora ayrılan vəsaitdir. Azərbacanın 4,4 mliyard hərbi büdcəsi, digər valyuta ehtiyatları, sosial iqtisadi imkanları, əhali resursu, 1 milyona yaxın 45 yaşına qədər ümumi səfərbərlik potensialı olan vətəndaşları qarşısında erməni tərəfi zəif olduğunu görür".
Millət vəkili onu da əlavə edib ki, müharibədə uğur iqtisadi imkanlarla yanaşı həm də xalqla dövlətin birliyindən asılıdır: "Əslində ermənilər bütün parametrlər üzrə müharibəyə hazır deyillər. Əgər dövlət və xalq arasında çox böyük uçurum varsa bu artıq müharibə üçün ziyana işləyən bir faktordur. 90-cı illərin eyforiyası arxada qalıb. O vaxt Sarkisyan, Koçaryan, Saakyan, Ohanyan vandalizmə, işğaçılığa çalışdıqları üçün erməni xalqının gözündə qəhraman idilər və uzun müddətdə bu qəhram libasında özlərini xalqa sırıya bildilər. Amma indiki gerçəkliklər onu göstərir ki, Ermənistanda xalq ilə hökümət arasında çox böyük nifrət var və münasibətlər çox gərgin şəkildədir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır.