Bakı, 11 aprel, AZƏRTAC
Panamada Amerika ölkələrinin yeddinci sammiti başlayıb. Belə ki, artıq tarixi hadisə adlandırılan sammitin açılış mərasimində ABŞ Prezidenti Barak Obama ilə Kubanın Dövlət Şurası və Nazirlər Şurasının sədri Raul Kastro yarım əsirdə ilk dəfə olaraq əl-ələ görüşüblər.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, hər iki tərəf hələ 2014-cü ilin dekabr ayında dövlətlərarası münasibətləri normallaşdırmaq üçün işlərə başlamışdılar. ABŞ və Kuba liderlərinin artıq bu gün danışıqlar aparacağı gözlənilir. Hazırda diplomatik münasibətlərin bərpa edilməsi, həmçinin Vaşinqton və Havanada səfirliklərin açılması istiqamətində məsləhətləşmələr aparılır.
“Amerika ölkələrinin sammiti” qitənin ən iri forumudur. Yeddinci sammitin gündəliyinə iqtisadi, mədəni və biznes məsələlərinin də daxil olduğu bir sıra mövzular daxildir.