Bakı, 11 aprel, AZƏRTAC
Koalisiyanın Hərbi Hava Qüvvələri gecə saatlarında Yəmənin paytaxtı Səna şəhərindəki hərbi obyektlərə zərbələr endirib. Hədəflər arasında Səna şəhərinin hava limanı yaxınlığında yerləşən hərbi baza da olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bombardmanın ardından mülki təyyarə reyslərini qəbul edən beynəlxalq hava limanında güclü yanğın başlayıb.
Bu arada RİA Novosti agentliyi husi-şiə üsyançıları ilə yerli əhalidən təşkil olunmuş könüllülərdən ibarət xalq müqavimət komitəsi arasında Ədən şəhəri uğrunda ağır döyüşlərin getdiyini qeyd edir. Bununla yanaşı, “ərəb koalisiyası”na aid gəmilərin Ədənin sahilyani Ət-Təvahi küçəsindəki husi mövqelərinə artilleriya zərbələri endirdikləri bildirilir.
Qeyd edək ki, martın 26-na keçən gecə Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmən ərazisində şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni prezident Abd Rabbo Mənsur Hadi və onun hökumətinin bərpa olunmasına yönələn “Qətiyyət tufanı” kod adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.