Bakı, 11 aprel, Tərgül Ağayeva, AZƏRTAC
Aprelin 11-də Bakı Dövlət Universitetinin idman kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə universitetin fakültələri arasında futbol turnirinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda qələbə uğrunda mübarizədə 20-dək komanda iştirak edir.
Açılış mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bildirib ki, bu ali təhsil ocağı Ümummilli Liderin daim diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edilib ki, universitetdə tələbələr arasında futbol turniri ilə yanaşı, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir.
Respublikamız müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə idman sahəsində qazanılan uğurlardan danışan rektor “Bakı - 2015” birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açıb.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra tələbələrin iştirakı ilə konsert olub.
Daha sonra yarışlara start verilib.
Turnirdə qalib gələn komandalar kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.





