Borc bataqlığında çırpınan Yunanıstanın avrozonadan çıxacağı, daha doğrusu, qovulacağı ilə bağlı şayiələr Avropa mediası ilə yanaşı, siyasət kuluarlarında da dolaşır.

The Times qəzeti rəsmi Afinanın bəyanatlarına rəğmən, Yunanıstanın əslində avrozonanı tərk etmək fikrində olmadığını, amma Brüsselin qərarının qətiləşməyə başladığını yazıb.
 
Qəzetin fikrincə, Brüssel yunanların tələblərindən və tənbəlliyindən zinhara gəldiyi üçün Afinanı avrozonadan kənarlaşdırmaq niyyətindədir: "Avropa Birliyi ölkələri Yunanıstanın hakimiyyət dairələrinin ölkə iqtisadiyyatının iflasa uğradığını bəyan edəcəyi halda Afinanın avrozonadan çıxarılması ilə bağlı məxfi plan hazırlayıblar. Əgər Yunanıstana növbəti maliyyə yardımları ilə bağlı anlaşma yaxın üç həftə ərzində əldə olunmasa, Yunanıstan artıq may ayında avrozonadan çıxarılacaq. Finlandiya və Almaniya maliyyə nazirliklərinin hazırladıqları qərar layihəsində "bu baharda çox çətin siyasi qərarların qəbulunun zərurəti" vurğulanır".
Avropa Komissiyası isə xəbərləri təkzib edib.


 
"Yunanıstanın avrozonadan çıxması və ya çıxarılması perspektivi sadəcə, yoxdur. Çünki bu ölkənin avro zonasından kənarlaşdırılmasını nəzərdə tutan hüquqi mexanizm mövcud deyil. Biz Afinaya beynəlxalq maliyyə yardımlarının davam etdirilməsini nəzərdə tutan razılaşmaların həyata keçirilməsinə tərəfdarıq", - Avropa Komissiyasının açıqlamasında deyilir.
 
Avro, zona və üç çoşka
 
Onlar “Üç çoşqa” nağılındakı canavar kimi üfürdülər, üfürdülər… amma evi yıxa bilmədilər.
Yəni avrozonanın evini…
 
Yanvar ayında hakimiyyətə gələndən bəri Aleksis Tsipras və onun hökuməti çox fəndlərə əl atıb: ayaqlarını yerə döyüb, tozanaq qaldırıb və hay-küy salıb.
BBC bildirir ki, Avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyaya, bu ölkənin silahlı ekstermistləri də daxil, qanunsuz miqrantların axınına məruz qoyulacağına, İkinci Dünya Müharibəsi təzminatlarının əvəzinə Yunanıstandakı alman mülkiyyətinin müsadirə ediləcəyinə və nəhayət, ən axırda Rusiya kartının oynanılacağına dair hədələr ünvanlanıb.


 
Bunu başqa cür də demək olar: “Əgər bizə ehtiyacımız olan kredit ödənişləri və anti-qənaət islahatlarımız üçün pul verməsəniz, gedib pravoslav dindaşımız, Avropa İttifaqı ilə NATO arasına ixtilaf salmaq istəyən və bununla hədələyən Rusiyaya yaxınlaşarıq. Ay Avropa İttifaqı, əgər bizə kömək etməsən, başqa yollarımız da var ha!..”
 
Yöndəmsiz hərəkət?
 
Reallıqda isə Yunanıstan Avropa İttifaqına və NATO-ya möhkəm pərçimlənib və bunu hamı bilir. Şübhəsiz ki, Yunanıstan liderinin Moskva səfərindən əsəbləşsə də, Avropa İttifaqı bu məsələni şişirtməməyə üstünlük verib.
Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland lakonik şəkildə işarə vurublar ki, onlar da Moskvaya səfər ediblər, amma Avropa İttifaqında qalıblar.
 
Öz partiyasının ifrat solçuları, qəzəbli elektorat və beynəlxalq kreditorların arasında vurnuxan yeni yunan baş nazirinin Rusiyaya doğru manevrini daha bir yöndəmsiz hərəkət saymaq olar.


 
Cənab Tsiprasın Moskva səfəri onun ölkəsinin Beynəlxalq Valyuta Fonduna kredit üzrə növbəti tranşı – 450 milyon avronu keçirmək vaxtı ilə üst-üstə düşüb. Yunanıstan deyir ki, bu pulu birtəhər toparlayıb və çümə axşamı günü ödəyəcək. Lakin kredit borcları üzrə ödənişlər kimi, pensiyaların və dövlət sektoru işçilərinin maaşlarının ödənməsi çətinləşir.
 
Əslində, Yunanıstan, köməyi, Qərb sanksiyalarından və qiyməti ölən neftdən aldığı yaralarını yalayan Rusiyada deyil, hazırda üzvü olduğu qrupda – avrozonada axtarmalıdır.
İndi burada, Brüsseldə bütün fikirlər maliyyə nazirlərinin ayın axırında keçiriləcək görüşünə yönəlib.
 
Geniş yayılmış məyusluq
 
Yunanıstan hazırda iflasdan xilasetmə üzrə verilən kreditin qalan hissəsini – 7,2 milyard avronu səbirsizliklıə gözləyir. Lakin islahatlar proqramının ortada olduğu bir şəraitdə bu pul ölkənin ehtiyaclarını ödəyəcəkmi?
Artıq belə söhbətlər gedir ki, Yunanıstanın müflislikdən azad edilməsi üçün 3-cü kreditə ethiyac ola bilər və buna görə də bütün avrozona boyunca dilxorçuluq hökm sürür.
 
Bunu da əlavə etmək lazımdır ki, hələ də çox ölkələr, elə əsas da Rusiyaya görə Yunanıstana kömək etməyə hazırdırlar. İkinci səbəb isə budur ki, başqa cür olsa, onda qənaət tədbirlərinin və Yunanıstanı dirçəltmək üçün xərclənmiş avrozona pullarının hədər getdiyini etiraf etmək lazım gələrdi.
Lakin məyusluq geniş yayılıb.


 
Əlbəttə, xanım Merkeldən, Avrozonanın ən böyük iqtisadiyyatının kraliçasından çox şey asılıdır. Mən bu yaxınlarda Almaniya kanslerinə yaxın bir Avropa millət vəkili ilə söhbət edirdim. O mənə dedi ki, o son dəfə xanım Merkeli görəndə, kansler tamam yorğun görünürmüş. Merkel millət vəkilinə deyib ki, Yunanıstanı xilas edə bilmək üçün daha ağlına heç bir şey gəlmir.
Angela Merkel bir ideoloq kimi yox, bir praqmatik kimi Yunanıstana veriləcək kreditin partiyası, ən başlıcası isə elektoratı tərəfindən necə qarşılana biləcəyini yaxşıca ölçüb-biçəcək.
 
Elə o da cənab Tsipras kimi odla su arasında qalıb. Bir tərəfdən daha mühafizəkar Xristian Demokrat İttifaqı, digər tərəfdən isə Almaniya üçün Avroskeptik Alternativ və getdikcə daha çox yunanfob olan cəmiyyət.
 
Mərclər artıq qoşulub
 
Bu, sonu bəlli olmayan bir yoldur.
Bir tərəfdən avrozona sazişi üzv ölkənin onu tərk etməsi və ya oradan qovulması üçün heç bir hüquqi bazaya malik deyil, digər tərəfdən isə bu da bilinmir ki, Yunanıstanın qeyri-adi, xəyalpərvər siyasətçiləri nə edəcəklər.
 
Özlərini odamı vuracaqlar, yoxsa qəzəbli elektorata verdikləri bütün vədlərdən geri çəkilmək üçün özlərində cəsarət tapa biləcəklərmi?


 
Bəlkə, elə buna görə də cənab Aleksis Tsipras çərşənbə günü Moskvadakı mətbuat konfransında Vladimir Putinlə yanaşı oturub Avropa İttifaqının sanksiyalarını burunlayanda özünü bu qədər rahat hiss edirdi. O İttifaq ki, onun ölkəsini maliyyə miskinliyindən çıxarmağa çalışır.
Bəlkə, o belə düşünür ki, şəxsən onun itirəcəyi heç nə yoxdur?
 
Mərclər, yəni ümidlər ona bağlanıb ki, avrozona ayaqlarını yerə döyüb, tozanaq qaldırıb, hay-küy salıb axırda Yunanıstanın borclarına bir çarə edib çıxış yolu tapacaq.
Hətta belə olmasa və Yunanıstan avrozonadan çıxarsa da, cənab Tsipras öz ölkəsinin şərəf və ləyaqətini qorumaq üçün Brüsseldəki oğlanlara gücünü göstərmiş qoçaq kimi qalacaq.
 
Səbr də, pul da tükənir
 
Yunanıstanın avrozonada qalması üçün aparılan mübarizənin altıncı ilində hər kəsin səbri də, Yunanıstan hökumətinin pulu da tükənməkdədir.
Bunu Bloomberg yazır.
Nikos Chrysoloras və James Hertling-in "Yunanıstan avrozonadan necə çıxa bilər?" adlı yazısında bildirilir: "İstiqrazlar üzrə gəlirlərə baxdıqda investorlar Yunanıstanın avrozonada qalacağını gözləməli olsalar da, “UniCredit Bank AG” şirkətində çalışan Erik Nilsen kimi iqtisadçılar bildirirlər ki, ölkənin tədavülə yeni valyuta çıxarmağa məcbur olmasına az qalmış ola bilər. Avronun qəbul edilməsinin yaxşı nəticələr verməyəcəyi həmişə düşünülüb, ona görə də avrozonadan çıxmaq üçün heç bir hüquqi presedent və ya siyasi plan yoxdur. Əgər dəqiq rəsmi bir elan gözləyirsinizsə, hələ çox gözləyəcəksiniz".

 
Yunanıstan üçün növbəti addımlar arasında avronun saxlanılmasından imtinaya qədər, xarici borcların ödənilməsi üçün yardımlardan yenidən istifadə etməklə birdən çox valyutanın dövriyyədə saxlanılması kimi tərəddüdlü tədbirlər var.
 
Yunanıstanda bu iqtisadi vəziyyətin necə yarandığını dünyaya kimin deyəcəyi də eyni dərəcədə qeyri-müəyyəndir. Bu elanı verəcəyi düşünülən mümkün şəxslər arasında Tsipras, Avropa Mərkəzi Bankı, Avropa İttifaqının prezidenti Donald Task və Avropa Komissiyasının sədri Jan-Klod Yunker var (4npress).
 
İqtisadçı, investor və keçmiş siyasətçilərdən götürülən müsahibələr əsasında müəyyənləşdirilən ssenarilər:
 
A ssenarisi: yunan çıxışından qurtulmaq
 
Yanvar ayında keçirilən seçkilərdə qalib gəlmiş və yardım üçün verilən kreditlərin sərt şərtlərinin ləğv ediləcəyi vədini verən “Siriza” partiyasının rəhbəri Tsipras kreditor tələblərinə təslim olur. Onun məqsədləri uğrunda riski gözə alması nəticəsində pul ehtiyatları tükənib və Yunanıstan bankları şikəst vəziyyətində qalıb.
 
Avrozonadan çıxmaqla kreditlərin müqabilində sərt iqtisadi tədbirlər həyata keçirmək arasında qalan Tsipras nağd pulu seçir. AMB (Avropa Mərkəzi Bankı) maliyyə sisteminə dəstəyini saxlayır.

 
Yardımlar davam etsə də, ən sərt dəstəkçilər üsyana başladıqca hökumətin sayılı günləri qalır. Yeni koalisiya formalaşdırılır və Avropa tərəfdarı müxalifət partiyalarının dəstəyi Tsiprası ya vəzifədə saxlayır, ya da yeni seçkilər keçirilir.
 
AMB və Beynəlxalq Valyuta Fonduna borcların ödənilməsi üçün yeni kreditlərdən istifadə olunduqca və ölkənin maliyyə vəsaitləri bərpa olunduqca avrozonaya üzvlük üçün də zəmanət yaranır. Yunanıstan yardım kreditlərinin ödənilməsi və xalqın mənfi reaksiyasını yumşaltmaq üçün daha yüngül şərtlər əldə edir.
 
B ssenarisi: "Hotel California"
 
Yunanıstanın maliyyə naziri Yaris Varufakis bildirib ki, avrozonada üzvlük Eagles qrupunun 1976-cı ilə aid mahnısının sözlərinə bənzəyir: “İstədiyin vaxt burada çıxa, ancaq buranı heç vaxt tərk edə bilməzsən”.
 
Tsipras Almaniya hökumətindən “Siriza” partiyasının kommunist fraksiyalarına qədər bütün maraqlı tərəflərin qəbul edəcəyi bir uzlaşma təmin edə bilməzsə, hadisələrin gedişatı dəyişməyə bilər.
 
Yunanıstanın yeganə maliyyə mənbəyi olan yardım kreditləri dayandırılıb. Avropada siyasi liderlərin davam etmək istəməmələri ilə AMB Yunanıstanda bankları iflas etməkdən qoruyan vasitə - Təcili Likvidlik Yardımını normalaşdırır. Bu isə tələbin qarşılanması üçün kifayət qədər pul olmadığından kapitala nəzarət edilməsini tələb edir.

 
B1 ssenarisi: salto
 
Bu ssenariyə görə, pul çəkilməsi və pul köçürmələrinə məhdudiyyətlər qoyulması ilə kapitala nəzarət edilməsinin nəticələri Tsiprası güzəştə getməyə məcbur edir. Rəy sorğuları göstərir ki, əhalinin üçdə ikisi və dörddə üçü arasında olmaqla yunanların əksəriyyəti “nəyin bahasına olur-olsun” avrozonada qalmaq istəyir.
 
Tsipras Avropa tərəfdarı olan müxalifət partiyalarında olan millət vəkilləri ilə yeni bir koalisiya yaradır. Kapital hərəkətinə nəzarət şəraitində və bağlanmış banklarla keçirilən referendum hadisələrin gedişatını dəyişdirmək səlahiyyəti verir. Birlik hökuməti yaradılır və Yunanıstan avrozonada qalsa da, bu qarışıqlıq yeni bir durğunluğa səbəb olur.
 
B2 ssenarisi: son yoxlama
 
Bankların bağlanması ilə siyasi vəziyyət pisləşir və xalq üsyanı güclənir, Almaniya ölkənin əsas düşməni kimi hədəf götürülür. Rəy sorğuları avrozonadan çıxmağa meylliliyin artdığını göstərir.
 
Kapitalın hərəkətinə nəzarət tədavülə yeni valyutanın buraxılması və ya ölkədaxili ödənişlər üçün borc sənədlərinin yaradılması üçün hökumətə imkan və vaxt verir. Yeni müvəqqəti sənəd tez bir zamanda borca girir, bu da 2008-ci ildən bəri dörddə bir nisbətində kiçilmiş iqtisadiyyatın əsasının zəif olduğunu göstərir.
 
Avrozonaya daxil olan dövlətlər təsir göstərmək məqsədilə Yunanıstana sabit dönərli valyuta ilə kredit verirlər. Bunda məqsəd isə strateji baxımdan mühüm regionda bir dövləti iflasa uğrada biləcək ümumi iqtisadi tənəzzülün qarşısını almaqdır.
 
Ssenariyə görə, Yunanıstanın BVF-ə kreditlərinin ödənilməsini təmin edərək dövlət müəssisələrinə borcu yenidən təşkil edilir. Yunanıstan borc vəsaitləri bazarlarında yenə də kənarda qalır.

 
Yunanıstanın əksər şirkətləri və bankları öhdəliklərini yerinə yetirmir. Parçalanmış maliyyə sisteminin yenidən kapitallaşdırılması üçün bəzi bank əmanətlərindən istifadə olunur. 2012-ci ildə dövlət borcunun restrukturizasiyası ilə artıq əminlik yaranıb ki, dövlət növbəti bir neçə il iqtisadiyyatın vəziyyəti stabilləşənə qədər özəl investorlara və avrozonaya ödəniş etməli olmayacaq.
 
Yeni buraxılan əskinas da, avro da tədavüldədir. Yunanıstanın ciddi maliyyə problemləri olmasına baxmayaraq, avrozonanı rəsmi olaraq tərk etməyib, yaxşı adla geri qayıtması üçün də qapı açıqdır.
 
C ssenarisi: fəlakətin "F"si
 
Bu fərziyyəyə görə isə, Yunanıstan borc öhdəliklərini yerinə yetirmədən, etirazların olduğu bir şəraitdə əksəriyyət üçün səfaləti gücləndirərək hökumətin hər şeyə görə Almaniyanı günahlandırması isə avrozonadan ayrılır.
 
Yeni valyutanın dəstəklənməsi və istiqrazlarla BVF borcunun saxlanılması üçün heç bir yardım göstərilmir. Bununla isə bütün kreditorlar üçün bir öhdəliyin yerinə yetirilməməsi digərlərinin də yerinə yetirilməməsinə səbəb olduğunu göstərən müddəalar yaranır. Hökumət və bankların süqut etməsi ilə yeni strukturun yaranmasına qədər illər keçir.
 
Yunanıstanda iknci iqtisadi böhran başlanır. Kapitalizm tarixində öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı ən böyük zərbə Avropanı yenidən böhrana qaytarır və İtaliya kimi avrozonaya daxil olan zəif ölkələr üzərində təzyiq yaradır.

 
Düşmənçilik Yunanıstanın Avropa İttifaqından da çıxmasına səbəb olur. Avronun sarsılmaz olduğu fikri isə sual altına düşür, qlobal bazarlar zəifləməyə başlayır.
 
İqtisadiyyatın uğursuzluğu istər sol, istərsə də radikal sağ olsun, ekstremistlərin hakimiyyəti ələ almaları üçün yol açır. Bacaranlar isə ölkəni tərk edirlər.
 
Bu qarışıqlıq Yunanıstanın NATO-ya üzvlüyü üçün də şübhə yaradır. Kömək üçün Rusiyaya müraciət edən yeni və qeyri-stabil hökumət Vladimir Putin üçün Aralıq dənizi bölgəsində mövqe təmin edir.

Orxan Hun 
Milli.Az