Bakı. 11 aprel. REPORT.AZ/ "Biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar beş min manat idi. Bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməli idik ki, manat çox bahalaşsın. Çünki iqtisadçılar yaxşı bilir, bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir".
"Report" xəbər verir ki, bunu aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
"Makroiqtisadi sabitlik daim diqqət mərkəzindədir. İnflyasiya çox aşağı səviyyədədir. Mən keçən il demişdim ki, bu il də inflyasiya birrəqəmli olacaq və birinci rübdə cəmi 2,8 faiz artıb. Bu, çox gözəl göstəricidir. Baxmayaraq ki, fevral ayında manatın məzənnəsində dəyişiklik edilmişdir və bu da istər-istəməz idxal olunan malların qiymətinə təsir edə bilərdi. Ancaq görülən tədbirlər nəticəsində istehlak bazarında vəziyyət tam sabitdir. Biz qiymətlərin qalxmasına imkan vermədik. Qiymətlər sabitdir, sabit də qalmalıdır.
Ümumiyyətlə, manatın məzənnəsinin dəyişdirilməsi, - mən bu barədə artıq bir dəfə öz fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm, - bu, qaçılmaz bir hal idi. Çünki biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar beş min manat idi. Bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməli idik ki, manat çox bahalaşsın. Çünki iqtisadçılar yaxşı bilir, bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması əlbəttə ki, manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı. Nəticə etibarilə biz gördük ki, bir manat artıq 1,3 dollar səviyyəsində idi. Ondan sonra gördük ki, hətta bir manat bir avrodan da qiymətli və bahalıdır. Yəni, bu, tamamilə qeyri-təbii bir məzənnə idi. Buna son qoyulmalı idi və bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları bizim addımımızı dəstəkləyir, alqışlayır, eyni zamanda, əhali də görür ki, məzənnənin dəyişdirilməsinin gündəlik həyata təsiri olmamışdır. Ona görə ki, ilk növbədə, vaxtilə görülən işlər nəticəsində gündəlik tələbat məhsullarının böyük hissəsini özümüz istehsal edirik. Digər tərəfdən, istehlak bazarına nəzarət gücləndirilmişdir və möhtəkirlərə qarşı çox ciddi mübarizə aparılmışdır.
Bilirsiniz ki, biz istəyirdik məzənnəni tədricən, yavaş-yavaş dəyişdirək. Amma ondan sonra ajiotaj yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı və belə getsə idi, bizim Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi.
Ona görə görülən tədbirlər, iqtisadiyyatımızın şaxələndirilməsi, sosial siyasətimiz nəticəsində və biz imkan vermədik ki, natəmiz insanlar bu vəziyyətdən istifadə etsin. Bax, bütün bu məsələlər vəziyyətin sabit saxlanmasına xidmət göstərmişdir", - deyə ölkə lideri diqqətə çatdırıb.