Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüş keçirilib.
Şuradan AZƏRTAC-a verilən məlumata görə, A. Şahtaxtinski ATƏT-in vətəndaş cəmiyyəti üçün nəzərdə tutulmuş proqramları haqqında məlumat verib. O, Şura ilə bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını deyib və bir sıra təkliflərini səsləndirib.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev dövlətin QHT sektorunun inkişafında beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmdən danışıb. O, regionlarda Resurs və Təlim Mərkəzləri Şəbəkəsinin genişləndirilməsi, QHT-lərin institusional inkişafı üçün təlimlərin keçirilməsi, təcrübə mübadiləsinin təşkili, “Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat”ın yenilənməsi, vətəndaş cəmiyyəti ilə bağlı ingilis dilində nəşrlərin hazırlanması və digər sahələrdə ATƏT-in Bakı layihə əlaqələndiricisi ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
A. Quliyev ATƏT-in Bakı layihə əlaqələndiricisinin təqdim etdiyi təkliflərin maraqla qarşıladığını və müzakirələrin davam etdirilməsinin faydalı olduğunu söyləyib.