Bakı, 10 aprel, AZƏRTAC
Amerikalı jurnalist Tomas Holts “Qarabağ” futbol klubu barədə film çəkib.
AZƏRTAC xəbər verir ki, aprelin 10-da klubun bazasında filmin müzakirəsi təşkil olunub.
Tədbirin əvvəlində “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun forması və xüsusi xatirə hədiyyəsini qonağa təqdim edib.
Film haqqında fikirlərini bölüşən amerikalı jurnalist bildirib ki, “Qarabağ”dan əvvəl futbol ilə tanışlığım yox idi. Buna görə Ağdam klubuna təşəkkürümü bildirirəm. Bundan sonra da “Qarabağ” naminə fəaliyyətimi davam etdirəcəyəm. Azərbaycanlı olmasam da, Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın İtaliyanın “İnter” klubu ilə oyununda vurduğu qolun hesaba alınmamasına görə, çox məyus oldum. “Qarabağ” dünya arenasında siyasi təbliğat baxımından çox şeyə nail olub.
Sonda klubun prezidenti və mətbuat nümayəndələri “Qarabağ”ın yeni tikilən stadionunda işlərin gedişi ilə tanış olublar.
Qeyd edək ki, T.Holts sənədli filmi azərbaycanlı həmkarları ilə birlikdə çəkib.