Bakı, 10 aprel, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) İSO-9001, İSO-14001 və OHSAS-18001 beynəlxalq idarəetmə sistemləri (BİS) standartlarının tələblərinə əməl olunması və standartlara uyğunluğun yoxlanması üzrə Türk Standartları İnstitutunun (TSE) auditorları tərəfindən aprelin 6-da başlayan, şəffaf və işgüzar şəraitdə keçirilən audit başa çatıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən toplantıda auditin nəticələri müzakirə edilib, auditorlar nəticələr barədə müəssisənin rəhbərliyinə və kollektivin nümayəndələrinə məlumat veriblər. Qeyd olunub ki, audit ayrı-ayrı şöbələrdə və xidmət sahələrində keçirilib, hər üç standartın tələblərinə yüksək səviyyədə əməl olunduğu aşkar edilib.
TSE-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi ölkəmizdə BİS-nin tam mənimsənilməsi, təkmilləşdirilməsi və standartların tələblərinə əməl olunması sahəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətini müsbət qiymətləndirib. O, keçirilən auditin nəticəsi olaraq QSC-nin İSO-14001 standartları üzrə fəaliyyətinin təsdiqləndiyini, İSO-9001 və OHSAS-18001 standartları üzrə isə yeniləndiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.