Bakı, 10 aprel, AZƏRTAC
Mərakeşin cənubundakı Tan-Tan şəhəri yaxınlığında yük avtomobilinin avtobusla toqquşması nəticəsində ən azı 31 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
AZƏRTAC Anadolu agentliyinin rus dilində versiyasına istinadla xəbər verir ki, qəzaya uğrayan ikimərtəbəli avtobusda məktəblər arasında keçirilən idman turnirində iştirak edən idmançılar olub. Yerli KİV-lərin məlumatına görə, qəzanın ardından yanmağa başlayan avtobusun demək olar ki, bütün sərnişinləri həyatını itirib.
Qeyd edək ki, Mərakeşdə son 15 ildə yol nəqliyyat hadisələrinin sayı iki dəfə çoxalıb. Rəsmi məlumata əsasən, bu ölkənin avtomobil yollarında baş verən qəzalar hər gün orta hesabla 10 nəfərə qədər insanın ölümü ilə nəticələnir.