Bakı, 10 aprel, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının XXIX turunda Lənkəranın mərkəzi stadionunda keçirilən “Xəzər-Lənkəran” – “Neftçi” oyununda fasilə zamanı iki yeniyetmə futbolçu AFFA tərəfindən mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mikayıl Nərimanoğlu “Atena U-12” Liqa və “Coca-Cola U-13” Liqanın 2013/2014-cü il mövsümünün bombardirləri – müvafiq olaraq, Musa Musazadə və Tural Bayramovu təbrik edib, onlara peşəkar futbolçu karyerası qurmaq yolunda uğurlar arzulayıb.
M.Nərimanoğlu hər iki futbolçuya AFFA-nın hədiyyələrini təqdim edib.
Musa Musazadə ötən mövsüm “Atena U-12” Liqada 41, Tural Bayramov isə “Coca-Cola U-13” Liqada 52 qol vurublar. Hər iki futbolçu bu uğura “Xəzər-Lənkəran” komandasının heyətində nail olub.