Stokholm, 10 aprel, AZƏRTAC
İsveç “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmaya (İŞİD) qarşı beynəlxalq koalisiya çərçivəsində 35 hərbçidən ibarət qrup göndərmək niyyətini açıqlayıb. İsveç hərbi qulluqçuları Şimali İraqda təhlükəsizlik qüvvələrinə məsləhətlər verəcəklər.
Bu barədə yerli KİV-lərə İsveçin xarici işlər naziri Marqot Valström və müdafiə naziri Peter Hultkvist məlumat veriblər.
Nazirlər bildiriblər ki, hökumət Şimali İraqda İŞİD-ə qarşı beynəlxalq koalisiyanın keçirdiyi hərbi hazırlıqda iştirak üçün 35 nəfərdən ibarət qrupun 2015-ci il ərzində göndərilməsi barədə xahişi baxılması üçün Riksdaqa (İsveç parlamenti) təqdim edir. Nazirlər, həmçinin vurğulayıblar ki, regionda vəziyyət gərginləşsə, İsveç hökuməti qrupun heyətini 120 nəfərədək genişləndirməyə hazırdır.
İsveç nazirləri fikirlərini belə izah ediblər: “Başqaları kimi biz də potensial tərəfdarların terror aktlarında və ya terror hazırlıqlarında iştirak üçün regiona getmələrinin qarşısını almaq istiqamətində tədbirlər görürük”.
Onlar bildiriblər ki, İsveçin Şimali İraqda yardımı beynəlxalq koalisiya ölkələrinin İraqdakı fəaliyyətinin yalnız bir hissəsidir. Ehtiyac olduğu halda, İsveçin hərbi mütəxəssisləri artıq regionda olan digər koalisiya iştirakçıları, məsələn, ABŞ, Almaniya, Niderland, Danimarka, Norveç və Finlandiya ilə əlaqəli şəkildə işləyəcəklər.
Qeyd edək ki, indiyədək İsveç regionda iki istiqamətdə - humanitar yardım və regionda İŞİD-in fəaliyyəti nəticəsində güclənən siyasi problemlərin uzunmüddətli həlli yollarının axtarışına siyasi dəstək göstərilməsi istiqamətləri üzrə fəaliyyət göstərib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm