Prezident Rəcəb Tayyib Ərdoğan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin baş rolda oynadığı “Son məktub” filmini izləyib.

Qafqazinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Çanaqqala Dəniz Zəfərinin 100-cü ildönümündə nümayiş olunmağa başlayan və Çanaqqala döyüşündən bəhs edən filmi həyat yoldaşı Əminə Ərdoğan və qızı Sümeyyə Ərdoğan ilə birgə seyr edib.

Filmdən sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan filmi bəyəndiyini bildirib:

“Əcdadımızın, həqiqətən, Çanaqqalada necə döyüşdüklərini, ölkəmizi müdafiə etdikləri və “Çanaqqala keçilməz” anlayışını bir imanın təzahürü olaraq necə ortaya qoyduqlarını ən gözəl filmlə canlandırılması bizləri də duyğulandırdı. Filmi xüsusilə gənclərin seyr etməsində böyük fayda görürəm”.

Qeyd edək ki, Çanaqqala müharibəsindən bəhs edən və 20 milyon lirə ilə ən yüksək büdcəli türk filmi olan “Son məktub” martdan nümayiş olunur.

Filmin baş rollarını Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyn Avni DanyalBülent Şakrak canlandırırlar.

Milli.Az