Topaz Premyer Liqasında 2015-ci ilin rekordu təkrarlanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “Xəzər Lənkəran”la “Neftçi” arasında mövsümün 4-cü “Böyük oyun”u tamaşaçı sayında rekordla əlamətdar olub.

Lənkəran şəhər stadionunda baş tutan qarşılaşmanı 4500 seyrçi izləyib. Bu da mövsümün 2015-ci ilə təsadüf edən ikinci yarısı üçün ən yüksək göstəricidi.

Bu il baş tutan 9 turun 36 oyunundan yalnız birində bu qədər tamaşaçı qeydə alınmışdı. Bu da XXIII turun fevralın 19-da baş tutan “Neftçi” – “Qarabağ” matçında yaşanıb. “Bakcell Arena”dakı həmin görüşdə də 4500 seyrçi stadiona təşrif buyurub.

2015-ci ilin rekordu ümumilikdə mövsüm üçün 6-cı nəticədi. Belə ki, çempionatın ilk yarısında 5 qarşılaşma daha çox azarkeş toplayıb. Həmin oyunların hamısı “Xəzər Lənkəran”ın doğma stadionda keçirdiyi ev matçlarıdı.

II turun “Sumqayıt”la görüşündə isə rekord sayda - 8500 tamaşaçı olub. IV turun “İnter”lə matçında 8000, XVII turun “Qarabağ”la qarşılaşmasında 6000 seyrçi qeydə alınıb. VIII turun “Bakı”, XI turun “Simurq”la görüşlərində isə bu rəqəm 5000-ə bərabər olub.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın “Neftçi” ilə mövsümün ilk yarısındakı görüş “Dalğa Arena”da baş tutduğundan tamaşaçı sayı yüksək olmayıb.

Milli.Az