Naxçıvan, 10 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində Əməkdar Elm Xadimi, akademik Fərəməz Maqsudovun 85 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfransı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. O bildirib ki, adı Azərbaycanın elmi və ictimai fikir tarixinə əbədi həkk olunan akademik Fərəməz Maqsudovun elmi-təşkilati, pedaqoji, ictimai və mədəni istiqamətləri özündə birləşdirən geniş fəaliyyəti bütövlükdə XX əsrin sonunda - müstəqillik uğrunda xalqımızın mübarizə meydanlarına atıldığı mürəkkəb bir tarixi şəraitdə Azərbaycan elmi və ictimai düşüncəsinin inkişafında müstəsna rol oynayıb.
Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Nəcəfov “Azərbaycan riyaziyyat elminin inkişafında akademik Fərəməz Maqsudovun rolu”, Miryasin Eminov “Akademik Fərəməz Maqsudovun elmi-fəaliyyəti haqqında” məruzələr ediblər. Qeyd edilib ki, riyaziyyat elmi sahəsində əvəzolunmaz nailiyyətlər qazanan görkəmli alim Fərəməz Maqsudov doğma vətənimizə çox sayda tarixi şəxsiyyətlər bəxş etmiş Naxçıvan şəhərində anadan olub. Alimin uşaqlıq və gənclik illərində riyaziyyat, fizika kimi dəqiq elmlərlə yanaşı, tarixə, ədəbiyyata, poeziyaya olan dərin marağının onun gələcəkdə Azərbaycan elminin görkəmli nümayəndəsi kimi dünyagörüşünün formalaşmasında xüsusi rolu olduğu nəzərə çatdırılıb. Əmək fəaliyyətinə başladığı dövrdən AMEA-nın prezidenti vəzifəsinə seçilənə qədər Riyaziyyat və Mexanika İnstitutunda işləyib. 1981-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə, 1997-ci ildən isə Azərbaycan Elmlər Akademiyasına rəhbərlik edən akademik Fərəməz Maqsudov özünü bacarıqlı elm təşkilatçısı kimi göstərib. Akademiyanın institutları ilə ölkənin və dünyanın bir çox elm mərkəzləri arasında çoxşaxəli elmi əlaqələrin yaranmasında, elmi-tədqiqat institutlarının strukturunun təkmilləşməsində və müasirləşməsində, onların fundamental tədqiqatlarla yanaşı, tətbiqi əhəmiyyətli problemlərin həllində fəal iştirakının təşkilində böyük rol oynayıb. Akademik Fərəməz Maqsudov hər zaman gənclərə böyük qayğı göstərib, elmə gənc, istedadlı tədqiqatçıların gəlməsini daim diqqətdə saxlayıb. Bildirilib ki, akademikin elmi rəhbərliyi ilə 100-dən artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunub. Fərəməz Maqsudov 300-dən çox elmi əsərin, 11 monoqrafiya və dərsliyin müəllifidir.