Bakı, 9 aprel, AZƏRTAC
Gündən–günə inkişaf edən müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca respublikamızın ali təhsil ocaqlarının da xarici ölkə universitetləri ilə əlaqələri genişlənir, əcnəbi mütəxəssislər universitetlərimizlə əməkdaşlıq etməyə maraq göstərirlər.
Azərbaycan Tibb Universitetindən (ATU) AZƏRTAC-a bildirblər ki, Türkiyənin Ordu Universiteti tibb fakültəsinin tibbi farmakoloji kafedrasının professoru Celalettin Semih Kunak ATU-nun farmakologiya kafedrasında müəllim və tələbələrə mühazirə oxuyub.
Mühazirədən öncə farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev bildirib ki, artıq universitetimiz dünyanın bir çox ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir, müəllim və tələbə mübadiləsi həyata keçirir, tanınmış alimlər ATU-ya gəlir, müxtəlif mövzularda mühazirələr oxuyurlar. Bu sırada ən önəmli yeri Türkiyə universitetləri tutur. M.Qəniyev qeyd edib ki, “ Mövlanə dəyişim” proqramı əsasında ölkələrimiz arasında sürətli yaxınlaşma prosesi baş verib. Bütün sahələrdə olduğu kimi elm, təhsil sahəsində də səmərəli əməkdaşlıq var. Son illər ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovun gərgin əməyi və şəxsi nüfuzu sayəsində univrsitetimizin maddi- bazası gücləndirilib, beynəlxalq əlaqələri genişlənərək hazırkı yüksək səviyyəyə çatıb.
Qonağı toplaşanlara təqdim edən M.Qəniyev deyib ki, bu, əslən Kırım türkü olan Celalettin Semih Kunakın ölkəmizə ilk səfəridir. O, tibbin bu sahəsi üzrə kifayət qədər tanınır.
Sonra professor Celalettin Semih Kunak “Dərmanların təkmilləşdirilməsi”, “Dərmanların orqanizmdə innoaktivləşmə prosesinə məruz qalması” mövzularında çıxış edib. Farmakologiya elminin müasir perspektvlərinə dair slayd və videogörüntülər vasitəsilə müşayiət olunan mühazirə mütəxəssis və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Mühazirələrini üç gün davam etdirən türkiyəli professor iştirakşıların suallarını da cavablandırıb.