Bu gün Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçirilir. ANS PRESS-in məlumatına görə, turun bütün oyunları bu gün baş tutacaq.

Premyer Liqanın lideri "Qarabağ" bu tur evdə AZAL-ı sınağa çəkib. Son iki turda xal itirən Ağdam təmsilçisi bu görüşdə hesabda geri düşsə də, daha sonra iki qol vurmaqla oyundan qalib ayrılıb - 2:1.

Sumqayıtda isə autsayderlər - "Sumqayıt" və "Bakı" münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşdə qapılara qol vurulmayıb və komandalar meydanı 1 xalla tərk ediblər - 0:0.

Turun mərkəzi qarşılaşması Lənkəranda keçirilib. Burada əzəli rəqiblər - "Xəzər Lənkəran" və "Neftçi" üz-üzə gəlib. "Neftçi" ilk hissədə 0:2 hesabı ilə önə keçsə də, bu üstünlüyünü qoruya bilməyib. Görüşün 33-cü dəqiqəsindən etibarən 10 nəfərlə mübarizə aparan "Xəzər Lənkəran" fasilədən sonra iki qol vurmaqla məğubiyyətdən xilas olub - 2:2.

Tura "Qəbələ" - "Simurq" oyunu ilə yekun vurulacaq. Avrokuboklara vəsiqə uğrunda yarışan komandaların turnir cədvəlinin qonşu pillələrində qərarlaşması da oyuna olan marağı artırır. "Qəbələ" doğma meydan amilindən maksimum yararlanmağa çalışacaq. Bu matçın start fiti saat 19:00-da veriləcək.

Qeyd edək ki, bu tur "İnter” istirahət edəcək.

XXIX tur
9 aprel
"Qarabağ” – AZAL 2:1
Qollar: Leroy Corc, 20; Vüqar Nadirov, 50 - Seymur Əsədov, 10
"Bakcell Arena”

"Sumqayıt” – "Bakı” 0:0
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
"Kapital Bank Arena”

"Xəzər Lənkəran” – "Neftçi” 2:2
Qollar: Rahid Əmirquliyev, 63; Adrian Skarlatake, 75 - Culius Vobay, 14, Erik Ramos, 25
Qırmızı vərəqə: Alfred Sanko, 33 (ikinci sarı)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
"Xəzər Lənkəran” mərkəzi stadionu

19:00 "Qəbələ” – "Simurq”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev
Qəbələ şəhər stadionu
Mənbə
ANS PRESS