Bakı, 9 aprel, AZƏRTAC 
Dünya Səhiyyə Təşkilatı tərəfindən hər il qeyd edilən Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar Səbail rayonunun orta məktəblərində və bir sıra təşkilatlarında silsilə tədbirlər keçirilib.
2015-ci ilin Ümumdünya Sağlamlıq Gününün əsas mövzusunun “Qida təhlükəsizliyi” olması nəzərə alınaraq keçirilən tədbirlərdə görüş və toplantılarda məhz bu məsələyə geniş diqqət yetirilib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq tapşırıqlarına əsasən Səbail Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun 7 nömrəli orta məktəbində və 160 nömrəli Klassik Gimnaziyada Ümumdünya Sağlamlıq Günü tədbirləri çərçivəsində maarifləndirici görüş-tədbir keçirilib. Mərkəzin həkim qrupları məktəblərin müxtəlif siniflərində olaraq uşaqlarla söhbətlər aparıblar. Söhbətlər zamanı sağlam qidalanmanın əsas qaydaları, ərzaq məhsullarının keyfiyyət və saxlama müddətinə fikir verilməsi, idmanla məşğul olmağın önəmi, qəbul edilən mayenin miqdarı, sağlam həyat tərzinin təbliği və s. bu kimi mövzulara diqqət yetirilib, uşaqları maraqlandıran suallar cavablandırılıb. Görüşlər zamanı uşaqlara sağlam və təhlükəsiz qidalanma, qida mənşəli xəstəliklərin profilaktikası və s. mövzuları əhatə edən yaddaş kitabçaları paylanılıb.
Orta məktəblərlə yanaşı, bu aksiya rayonun iri ticarət və iaşə müəssisələrindən biri olan, Dənizkənarı Milli Parkda yerləşən və hər gün çoxlu sayda insanın olduğu “Park Bulvar” Ticarət və İstirahət Mərkəzində də keçirilib. Səbail Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri “Park Bulvar”da fəaliyyət göstərən iaşə obyektlərində istirahət edən vətəndaşlar, xüsusilə yeniyetmə və gənclərlə görüşüb, onlarla qida təhlükəsizliyi ilə bağlı söhbətlər aparıb, sağlam və təhlükəsiz qidalanma mövzusunda yaddaş kitabçaları və broşürlər paylanılıb.
Həkimlər tərəfindən rayonun orta məktəblərində və iri iaşə mərkəzlərində bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.