Bakı, 9 aprel, Laçın Sultanova, AZƏRTAC
Bakıda VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı işə başlayıb.
Konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi və Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft Akademiyasının və “Confidence Capital” şirkətinin təşkilati iştirakı ilə keçirilir.
“Confidence Capital” şirkətinin direktoru Andrey Rudenko dünyada neft sahəsinin inkişafında Azərbaycanın rolundan danışaraq xatırladıb ki, neft ilk dəfə sənaye yolu ilə məhz bizim ölkəmizdə hasil olunub. O, konfransın ənənəvi olaraq Azərbaycan xalqının Ümummilli Liderinin doğum gününə həsr olunduğunu qeyd edərək deyib: “Ölkənin neft sahəsinin inkişafında, Azərbaycanın bugünkü neft-qaz kompleksinin yaradılmasında Heydər Əliyevin neft strategiyasının rolunu lazımınca qiymətləndirmək çətindir”. Azərbaycanın neft strategiyasının necə bir çətin şəraitdə formalaşdığından söz açan A.Rudenko vurğulayıb: “Azərbaycan Respublikası bu mürəkkəb şəraitdən əzmlə keçib və hazırda dünya bazarının neft və qazla təmin olunmasına böyük töhfə verən ölkədir”.
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifələrini icra edən Vaqif Qurbanov Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən və həyata keçirilməkdə olan transmilli layihələrdən - Bakı-Tbilisi-Ceyhan, Transanadolu və Transadriatik qaz kəmərlərindən söz açıb. Azərbaycanın bu layihələrin fəal iştirakçısı olduğunu qeyd edən V.Qurbanov həmin layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş və sərmayədar olan ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qabardıb.
SOCAR, Gürcüstan Neft-Qaz Korporasiyası, “Sberbank Rossii”, “Qazprombank”, Şanxay Əməkdaşlıq Təşkilatı İşgüzar Klubu və regionun neft-qaz sektorunun digər mühüm nümayəndələri konfransda regionda Xəzərin neft-qaz resurslarının tranziti və ixracı məsələlərinə dair qarşılıqlı fəaliyyətin inkişaf perspektivlərini şərh ediblər.
“Xəzər strateji əhəmiyyətli energetika mərkəzidir”, “Xəzər regionunun və Mərkəzi Asiyanın neft emalı və neft-kimya sənayesinin inkişafı. Təchizat sahəsində əməkdaşlıq” konfransın birinci iş gününün əsas müzakirə mövzularıdır.
Konfrans çərçivəsində Bakı Ali Neft Məktəbi və “Confidence Capital” şirkəti arasında ixtisasartırma sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Tədbirdə “Rosneft”, “Qazprom Neft”, “Lukoil Overseas”, Xəzər Boru Kəməri Konsorsiumu, “Cross Caspian Oil & Gas Logistics”, “Moboyl”, “Societe Generale”, “Gartona Corporation”, “Georgia Transit”, “PB Tankers”, “Pervaya qruzovaya kompaniya”, “Prime Shipping”, ”Rail Garant Finance” və bir çox başqa şirkətlərin nümayəndələri iştirak edirlər.
Konfransın sponsoru “Cross Caspian Oil & Gas Logistics”dir.



