İşğal edilmiş Azərbaycan ərazisində həlak olmuş erməni əsgər Levon Mirzoyan bir tikə çörəyin qurbanı olub.

ANS PRESS-in məlumatına görə, əslində Azərbaycan vətəndaşı olan və Ağdərədə anadan olmuş Levon Mirzoyan məhz işsizlik üzündən 19 yaşında Ermənistan ordusuna yazılıb və buna görə də 8 aydan sonra həlak olub.

Ermənistan ordusu tərəfindən işğal edilmiş rayonda vəziyyət həddindən ağırdır və əhali on illərlə iş tapa bilmir. Rayonun əhalisi o qədər azalıb ki, erməni mənbələri bu barədə susmağa üstünlük verirlər. Müharibədən əvvəl rayonda 45 min adam yaşayırdı, hazırda isə adam sayı bir neçə min ətrafında dəyişir. Rayonda yalnız Ermənistan ordusunda xidmət edənlər qalıb və aldıqları 120-130 dollar maaşla bir təhər ailələrini dolandırırlar. Levonun atası Muşeq Mirzoyan da ailəsini belə dolandırıb, iki-üç illik tərəddüddən sonra əlacsızlıqdan oğlu üçün də bu yolu seçib. Nəsibi qırılmış bir ömür, çin olmamış arzular oldu.

Levondan fərqli olaraq Xocavənd sakini Andranik Qriqoryan doğru yol seçdi və aid olduğu yerə - Azərbaycan tərəfə keçdi. Andranik Qarabağın sabahına - yenidən Azərbaycanın tərkibində yer alacaq işıqlı gələcəyinə üstünlük verdi. Gün gələcək Qarabağda doğulmuş bütün gənclər Andranik Qriqoryanın yolunu gedəcəklər və Azərbaycanın bayrağı altında səf tutacaqlar. Dağlıq Qarabağın işıqlı gələcəyi o gənclərdən bunu tələb edir.

Mənbə
ANS PRESS