Tbilisi, 9 aprel, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda əhalinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb.
Marneuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Gürcüstanın Birləşmiş Meliorasiya Sistemləri Şirkəti Debet çayı suvarma sisteminin birinci şəbəkəsinin və daxili şəbəkələrin yenidənqurma işlərini sona çatdırıb. Bu sistemdən 1800 sakin istifadə edəcək.
Layihə çərçivəsində yeni su təmizləyici qurğu və 587 metr boru sistemi quraşdırılıb, Debet çayının Qullar və Qırıxlı kəndlərinin ərazilərindəki hissəsində hidrotexniki qurğular təmir olunub. Bundan əlavə, 14 kilometr magistral su arxı təmizlənib, kənd təsərrüfatına yararlı 875 hektar torpaq sahələri su ilə təmin olunub.
Layihənin ümumi dəyəri 1 976 999 (təqribən 900 min ABŞ dolları) laridir.
Şəbəkənin açılış mərasimində Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev, rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili və yerli fermerlər iştirak ediblər.
Mərasimdə bildirilib ki, yeni suvarma sisteminin istifadəyə verilməsi bölgədə kənd təsərrüfatının inkişafında və yerli əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi