Budapeşt, 8 aprel, AZƏRTAC
Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndiliyi olan STUDY in HUNGARY-nin təşkilatçılığı ilə aprelin 12-də Bakıda Macarıstanın ən məşhur, qədim və nüfuzlu universitetlərinin təqdimatı keçiriləcək.
Təqdimat saat 14:30-da STUDY in HUNGARY-nin Bakı ofisində başlayacaq. Tədbirdə Macarıstanın İnternational Business School universiteti, Corvinus Universiteti, Debrecen Universiteti, ELTE Universiteti, SZİU Universiteti, Pecs Universiteti və digər ali məktəblər barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Macarıstan universitetləri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin təhsil aldıqları xarici ali məktəblər sırasındadır və bu universitetlərinin diplomları Azərbaycan hökuməti tərəfindən tanınır. Həmçinin Macarıstan hökuməti bu ildən etibarən 200 azərbaycanlı tələbənin bu ölkənin dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb. Hər iki proqram azərbaycanlı tələbələrin Macarıstanda təhsil alması üçün əlverişli şərait yaradır.
Təqdimat zamanı adı çəkilən universitetlərdə iqtisadiyyat, maliyyə, biznes, beynəlxalq əlaqələr və diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm və fotoqrafiya, kompyuter mühəndisliyi, tikinti, inşaat, mühəndislik, insan resursları menecmenti, tibb, müalicə işi və intensiv ingilis dili kursları barədə məlumat veriləcək.
Xatırladaq ki, Macarıstan bir çox üstünlüklərə malik ölkədir. Belə ki, Avropa məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən ingilis dilli təhsil sistemi Macarıstanı digər ölkələrdən əsaslı şəkildə fərqləndirir.
Təqdimata giriş sərbəstdir. Maraqlananlar əvvəlcədən qeydiyyatdan keçməklə bu təqdimatda iştirak edə bilərlər. Aşağıda qeyd olunmuş telefon nömrələrinə SMS yazmaqla qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat aprelin 11-i saat 14:00-da başa çatacaq.
Təqdimat iştirakçıları aprelin 12-si saat 14:30-da Nərimanov metrosunun yaxınlığındakı Metroparkın qarşısında qarşılanacaq və STUDY in HUNGARY-nin ofisinə aparılacaqlar.
Telefon: (+994 50) 257 11 41, (+994 50) 741 59 89
E-mail: info@study-hungary.com
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt