Bakı, 8 aprel, AZƏRTAC
Kuba Respublikasının Azərbaycandakı səfiri Omar Medina Kintero aprelin 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Institutdan AZƏRTAC-a bildiriblər ki, kubalı diplomat əvvəlcə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrdən söz açılıb, səfirə Şərqşünaslıq İnstitutunun fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Daha sonra Omar Medina Kintero Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüb. G.Baxşəliyeva səfiri institutun əməkdaşlarına təqdim edib.
Diplomat ölkəsinin tarixindən və hazırkı durumundan bəhs edib, ölkələrimiz arasında əlaqələrdən danışıb. Kubanın müsəlman əhalisi barədə məlumat verən səfir ölkəsində Türkiyə və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə iki məscidin inşa olunacağını bildirib.
Sonda Omar Medina Kintero şərqşünas alimləri maraqlandıran sualları cavablandırıb.