Biləsuvar, 8 aprel, Mahir Babayev, AZƏRTAC
Ölkəmizdə şahmatın inkişaf etdirilməsində biləsuvarlı şahmatçıların töhfəsi az olmayıb. Rayonun neçə-neçə şahmatçısı ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələr göstərib. Belə perspektivli şahmatçılardan biri də 8 yaşlı Xəzər Babazadədir.
AZƏRTAC xəbər verir ki, yaşının az olmasına baxmayaraq Xəzərin nailiyyətləri keçən ilin yanvar ayından başlayaraq yüksələn xətt üzrə inkişaf edib. Belə ki, balaca şahmatçı əvvəlcə ölkə çempionatının seçmə oyunlarının qalibi adını qazanıb, bir ay sonra respublikanın Şahmat Olimpiadasında 11 oyundan 8 xalla I-II yerləri bölüşüb, əmsallara görə qızıl medala layiq görülüb.
Xəzərin ən böyük uğurlarından biri şahmat üzrə dünya çempionatına vəsiqə qazanması olub. O, 2013-cü il dekabrın 17-dən 29-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən 120 ölkənin qatıldığı 8-18 yaşadək şahmatçıların dünya çempionatında çoxlarını təəccübləndirən nəticəyə imza atıb. Səkkiz yaşlı şahmatçıların qatıldığı 121 iştirakçı arasında son turadək liderlər qrupunda olan Xəzər yalnız sonuncu turda Hindistan təmsilçisinə uduzaraq dünya çempionatını 6-cı yerdə başa vurub. Bu, ilk dəfə belə mötəbər yarışda iştirak edən Xəzər üçün təqdirəlayiq, Azərbaycan üçün isə qələbəyə bərabər uğur idi. Çin, Rusiya, ABŞ, Almaniya, Ukrayna, Belarus, Macarıstan, Fransa və digər ölkələrin Azərbaycandan aşağıdakı sıralarda yer alması, qonşu Türkiyənin isə bu mundialda 91-ci yerlə kifayətlənməsi Xəzərin uğurunun nə dərəcədə böyük olmasının sübutudur.
Hər bir uğurun arxasında istedad və zəhmətlə yanaşı, həm də maddi və mənəvi dəstək dayanır. Bu baxımdan Biləsuvar Rayon İcra Hakimiyyətinin göstərdiyi qayğını qiymətləndirmək yerinə düşər. İnanırıq ki, növbəti illərdə Xəzərin və Biləsuvarın gənc və perspektivli şahmatçılarının daha böyük uğurlarının şahidi olacağıq.