Beyləqan, 8 aprel, AZƏRTAC 
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Beyləqan mərkəzi rayon xəstəxanasının baş həkimi Əli Məmmədov AZƏRTAC-a bildirib ki, sakinlər mərkəzi rayon xəstəxanasında, Birinci Şahsevən, Təzəkənd və Dünyamalılar kənd sahə xəstəxanalarında müayinə olunurlar. Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası tərəfindən rayonun digər kəndlərində də əhalinin tibbi müayinəsi aparılır. Bu günədək rayonun 28 yaşayış məntəqəsində 56 min 300 nəfər tibbi müayinədən keçib. Vətəndaşlar əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə kardioqram, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilirlər.
Müayinələr zamanı 11 min 200 nəfər ambulator, 231 nəfər stasionar müalicəyə cəlb olunub, 62 nəfər isə Bakı şəhərinin ixtisaslaşmış xəstəxanalarına göndərilib.