Müsabiqə qalibləri Almaniyanın Düsseldorf və Münhen şəhərləri boyunca tarixi abidələrlə tanış olacaq, universitetlərə baş çəkəcək, əyləncə mərkəzlərində istirahət edəcəklər. Uşaqlar üçün BMW mərkəzi və müzeyinə, "Bayern Munich" futbol klubunun müzeyinə və bazasına, o cümlədən Olimpiya Stadionuna ekskursiya təşkil olunacaq.
Bununla yanaşı cari ilin iyul-avqust aylarında Almaniyanın "E.ON" şirkətinin əməkdaşlarının uşaqları üçün Azərbaycanda yay düşərgəsi təşkil olunacaq. Almaniyalı uşaqlar Şirvanşahlar sarayına, Qız qalasına, Qobustan qoruğuna, Atəşgah məbədinə, yeni Olimpiya stadionuna, "Kristal" sarayına baş çəkəcək, Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz şəhərlərinə səfər edəcəklər.
Xatırladaq ki, 2013-cü il sentyabrın 19-da SOCAR və "E.ON" şirkətləri uzunmüddətli əməkdaşlıq üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsini imzalayıb.
Müqaviləyə əsasən, SOCAR və "E.ON" şirkəti əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Azərbaycanın və Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri təşkil edilir. 2014-cü ilin iyul ayında Düsseldorf şəhərində ilk dəfə SOCAR əməkdaşlarının uşaqları üçün 15 günlük yay düşərgəsi təşkil olunub.

