Mingəçevir, 5 aprel, AZƏRTAC
Mingəçevir şəhərindəki “Kür” Olimpiya Təlim-Tədris Mərkəzində keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Prezident Kuboku-2015” reqatası başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə və Gürcüstanın müxtəlif yaş qrupları üzrə 100-ə yaxın idmançısı mükafat uğrunda mübarizə aparıb. Akademik avarçəkənlərin mübarizəsində böyüklər arasında Boris Yotov və Luçiç İqor (Azərbaycan) iki nəfərlik qayıqla 2000 metr məsafəni 7 dəqiqə 32 saniyəyə qət edərək birinci yeri tutub. Həmin yarışda Gürcüstan idmançıları Martoleki Nodari və Kantoleki Giorgi 7 dəqiqə 58 saniyə göstərici ilə ikinci, Kandelaki Nikolozi və Matiaşvili Otari 8 dəqiqə 8 saniyə göstərici ilə üçüncü yeri tutub. Akademik avaçəkənlərin yarışında 1997-1999-cu il təvəllüdlü idmançılardan Qurban Məmmədli, Rüstəm Məmmədli, Vlad Nakoneçniy, Ziya Məmmədzadə isə 4 nəfərlik qayıqla 2000 metr məsafəni 6 dəqiqə 6 saniyə ərzində hamıdan birinci qət edərək qızıl medal qazanıblar. Həmçinin, Zaur Məmmədli, Fuad Rüstəmov, Əlibala Bəkirov və Mehman Abdullayev isə həmin yarışı 6 dəqiqə 25 saniyə qət edərək ikinci yerdə başa vurublar. 2000-2002-ci il təvəllüdlü idmançılar arasında 1000 metr məsafəni qət etmək uğrunda 4 nəfərlik qayıqla keçirilən yarışda isə Ziya Məmmədzadə, Vlad Nakoneçniy, Qurban Məmmədli, Rüstəm Məmmədli 3 dəqiqə 56 saniyə göstərici ilə hamıdan birinci olublar.
Kayakçıların mübarizəsində 2 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 2000-2002-ci il təvəllüdlü idmançılardan Kənan Əhmədov və Sənan Əhmədov (50 saniyə) birinci, Oleksey Skiba və Rüfət Qəniyev (55 saniyə) ikinci, Aqil Abdulov və Elvin Quliyev (57 saniyə) üçüncü yeri tutublar. 1997-1999-cu il təvəllüdlü kayakçıların yarışında isə Türkiyə idmançıları Fəhri Ayvaz və Cemail Cem Öztürk (40 saniyə) birincilik qazanıblar. Nurlan Qurbanov və Dəmir Əliyev (44 saniyə) ikinci, Azad Tağızadə və Nicat Əliyev (45 saniyə) üçüncü yeri tutublar.
Yarışda ilk 3 yeri tutan idmançılara diplom və medallar təqdim olunub.