I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıdakı təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyası vaxtından əvvəl başa çatdırılacaq. Təhsil Nazirliyi bununla bağlı əmr imzalayıb.
 
Dərslər mayın 31-dək yekunlaşacaq, dövlət imtahanları isə mayın 25-dən 31-nə qədər baş tutacaq.
 
Əslində söhbətimizin mövzusu dərslərin tez bitməsi və ya imtahanların tarixi ilə bağlı deyil. Onsuz da məktəblərin beş gün gec, beş gün tez bağlanması təhsilin keyfiyyətinə elə də təsir etmir.
 
İmtahanların vaxtının dəyişməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyətinə də təsir etməyəcək. Uzaqbaşı Məleykə Abbaszadə növbəti və ənənəvi çıxışını səsləndirəcək və yenə də təhsilin keyfiyyətini tənqid edəcək. Necə ki, qış imtahanlarında X-XI sinif şagirdləri arasında oxuyub-yaza bilməyənlərdən, 11-ci sinifə gedənlərin sayının 38 min azalmasından, IX sinifdən peşə məktəbinə gedənlərdən danışdı.
M.Abbaszadə son çıxışlarının birində IX və XI siniflərin buraxılış imtahanlarına ən sadə suallar salındığını söyləmişdi: “Ali məktəblərə qəbul imtahanlarında abituryentlərin çətinlik çəkdiyi suallar bir qayda olaraq buraxılış imtahanlarına salınmır. Amma nəticə dəyişmir ki, dəyişmir”.
 
Qeyd edək ki, Təhsil Nazirliyi isə dərhal Məleykə Abbaszadənin dediklərinin əksini sübut edən rəqəmlər səsləndirmişdi. Bir sözlə, həmişə olduğu kimi tərəflər bir-birini ittiham etməklə problemin məsuliyyətindən yayınmağa çalışmışdılar. 
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, tanınmış iqtisadçı Rövşən Ağayev də təhsillə bağlı maraqlı araşdırma təqdim etmişdi.
 
R.Ağayevin sözlərinə görə, TQDK-nın son bir neçə il üzrə statistik məlumatların analizi göstərir ki, həmin informasiyalar əsasında hesablanan bir sıra törəmə göstəricilər artıq ölkədə təhsil sisteminin keyfiyyətini qiymətləndirmək üçün yararlı deyil: “Məsələn, məzunların ali məktəbə qəbul səviyyəsinin göstəricisi belədir. 2008-c ildə orta məktəbi bitirərək ali məktəblərə ərizə verən abituryentlərin 30,6 faizi, 2014-cü ildə isə 50,5 faizi ali təhsil almaq hüququ qazanıb.
 
Göründüyü kimi, məzun-abituryentlərin ali məktəblərə qəbul əmsalı əhəmiyyətli dərəcədə yüksəlib. Öz növbəsində 2008-ci ildə 20,6 min nəfər, 2014-cü ildə isə 28,1 min məzun, yəni təxminən 35 faiz (7,5 min nəfər) məzun ali məktəb tələbəsi olmaq şansı qazanıb.
 
Amma qeyd olunan göstəricinin kəskin artımı təhsil səviyyəsinin yüksəlməsi, yüksək bal toplayanların sayının daha çox artması hesabına deyil, ali məktəbə qəbul üçün keçid ballarının aşağı salınması hesabına baş verib. Rəsmi rəqəmlər də bu yanaşmanı təsdiq edir.
 
Məsələn, 2008-ci ildə məzun-abituryentlərdən 48,9 faizi və ya 34,3 min nəfəri 200-dən yuxarı bal toplasa da tələbə adını cəmi 20,6 min məzun qazanıb. Göründüyü kimi, 2008-ci ildə 200-dən çox bal toplayan məzunların 60 faizi ali məktəbə daxil ola bilib”.
 
R.Ağayev deyib ki, 2014-cü ildə məzun-abituryentlərdən 50 faizi və ya 25,8 min nəfəri 200-dən yuxarı bal toplasa da tələbə adını 28,1 min məzun qazanıb: “Göründüyü kimi, 2014-cü ildə 200-dən çox bal toplayanların hamısı, üstəlik əlavə olaraq 2 min nəfərədək məzun 200-dən az bal toplayaraq ali məktəb auditoriyasına buraxılıb”.
 
İqtisadçı hesab edir ki, aşağı bal toplayan məzunların tələbə olmasına yaşıl işıq yandırılması təhsilin strateji rolunun gücləndirilməsinə deyil, təhsili biznesə çevirənlərin maraqlarına xidmət edir: “Elə bunun nəticəsidir ki, 2008-2014-cü illərdə ali məktəblərə qəbul olan məzunların say artımının təxminən 90 faizi və ya 6,5 min nəfəri pullu təhsil sektorunun, cəmi 0,9 min nəfəri isə dövlət ödənişsiz təhsilinin sayəsində baş verib. Azərbaycanda ali təhsillə əhatə əmsalı çox aşağıdır.
 
Məsələn, Qərbdə 18-30 yaşlı gənclərin azı 35-40 faizi ali təhsil alır. Hətta İsrail və Cənubi Koreyada bu göstərici 50 faizdən yuxardır. Azərbaycanda isə 15 faizə çatmır. Amma bu əmsalın yüksəldilməsi keyfiyyətin yüksəldilməsilə paralel baş verməlidir. 5 ballıq sistemlə biliyi 2-3 intervalında dəyişən gənclərin ail təhsilə buraxılması universitet təhsilnin statusunu məhv edir”.
 
İqtisadçı deyib ki, 2014-cü ildə ali təhslin ödənişli ixtisasları üzrə qəbul olan tələbələrin ümumi qəbulda payı ölkə üzrə orta hesabla 67 faizə çatıb. 2008-ci ildə isə bu göstərici 59 faiz olub. Hətta ayrı-ayrı rayonlar üzrə bu göstərici daha yüksəkdir. Məsələn, ali məktəblərə qəbul olanların Qubada 77 faiz, Şamaxıda 76 faiz, Xızıda 79 faiz, Daşkəsəndə 83 faiz ödənişli ixtisaslara daxil olublar: “2003-2008-ci illərdə ayrı-ayrı universitetlərə qəbul üzrə abituryentlərin orta balı artan templə gedib və 2008-də ən yüksək səviyyə çatıb. 2008-2014-cü illərdə isə universitetlərə qəbulda orta bal göstəricisi sürətlə aşağı düşüb. 2014-də son illərin ən aşağı göstəricisi qeydə alınıb. Qəbul üzrə orta bal Bakı Dövlət Universitetində 2008-ci ildə 488,4, 2014-cü ildə 426,8 olub. İqtisad Universitetində 2008-də - 449,4, 2014-də - 390,6, Slavyan Universitetində 2008-də - 455,7, 2014-də - 350,9, Sumqayıt Dövlət Universitetində 2008-də - 391,4, 2014-də - 275,9, Gəncə Dövlət Universitetində 2008-də - 407,9, 2014-də isə 322,8 olub”.
Təhsil ilinin bitməsinə cəmi iki ay, hətta bir qədər də az müddət qalıb. Amma onun nə keyfiyyət dəyişmədi, nə də dərsliklərdəki nöqsanlar aradan qaldırılmadı. Məleykə Abbaszadə “Misir erası”ndan indiyədək eyni sözləri təkrarladı və yəqin ki, hələ çox təkrarlayacaq.
 
Nazirlərin yerinin dəyişməsi isə nəticəyə təsir etmər. Necə deyərlər, toplananların yeri dəyişsə də cəm dəyişmir.
 
Dəyişən təkcə odur ki, Misir Mərdanovun rəhbərlik etdiyi təhsil sistemini tənqid edən tanınmış təhsil ekspertləri indi ya özlərini eşitməzliyə vururlar, ya da suallardan yayınmaq üçün müxtəlif bəhanələrdən istifadə edirlər.
 
Milli.Az