Bakı, 4 aprel, AZƏRTAC
Son aylarda taekvondo üzrə keçirilən yarışlarda mühüm xallar toplayan 20 yaşlı isveçli idmançı Nikita Qlasnoviçin növbəti hədəfi “Bakı-2015”də uğur qazanmaqdır. O, qadın idmançılar arasında Avropa çempionatında Olimpiya kateqoriyası üzrə 57 kiloqram çəki dərəcəsində qızıl medal qazanmaqla 2008-ci ildən bəri idmanın bu növü üzrə qitə birincisi olan ilk isveçli idmançıdır.
AZƏRTAC xəbər verir ki, N.Qlasnoviç İsveçin “skanskan.se” saytına müsahibəsində deyib: “Mən özünəinam prinsipi və ciddi rejim üzrə səylə çalışmışam. Rəqiblərim mənim üçün tamamilə yeni idilər. Əvvəllər onların heç biri ilə üzləşməmişdim. Bütün diqqətimi sadəcə öz üslubuma yönəltdim”.
N.Qlasnoviç Nalçikdə keçirilmiş final oyununda Rusiya təmsilçisi Milana Driamovanı məğlub edib.
Əslən Malmödən olan idmançı 2014-cü ildə keçirilmiş çempionat ilə müqayisədə iki pillə irəliləyərək birinci sırada qərarlaşıb: “Nəticəmi yaxşılaşdırdığım üçün şadam. Qazanılmış uğur məsuliyyəti artırır və özünəinam hissi yaradır. Əlavə gərginlik olmadan mübarizə apardım”.
Nalçikdə keçirilmiş yarış N.Qlasnoviç üçün sonuncu sınaq olub. İsveç idmançısı hazırda əsas diqqətini “Rio-2016” Olimpiya Oyunları üçün xallar toplamağa yönəldib. O, dünya sıralamasında 200 xala malikdir və öz çəki dərəcəsi üzrə üçüncü yerdədir. N.Qlasnoviç Olimpiya təsnifatı üçün xallarını artırmaq baxımından “Bakı-2015” Avropa Oyunlarını yaxşı fürsət hesab edir.