Astara, 4 aprel, Bağır Əliyev, AZƏRTAC
Astara Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst güləş üzrə respublika birinciliyinin zona yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən idman yarışında respublikanın 14 şəhər və rayonunu təmsil edən 2001-2003-cü il təvəllüdlü yeniyetmələr 13 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıblar.
Beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunan zona yarışlarında ilk üç yeri tutmuş idmançılar Balakən rayonunda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, yarışların baş hakimi İntiqam Alıyev yeniyetmə güləşçiləri təbrik edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində görülən işlərdən danışıblar.