İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına dair Tehranla “altılıq” ölkələri arasında əldə olunan razılığı tarixi səhv kimi qiymətləndirib.

ANS TV-nin məlumatına görə, Netanyahu həmçinin İsrailin dövlət kimi mövcudluğunu sual altına qoyduğunu bəyan edib. İsrailin dünyada sülh üçün təhlükəli adlandırdığı razılıq Türkiyənin baş naziri Əhməd Davudoğlunun fikrincə regionda sabitliyin təminatı üçün bir başlanğıcdır.

ABŞ dövlət departamentinin mətbuat katibi Mari Harf bildirib ki, İran razılaşmaya əməl etsə, sanksiyalar qaldırılacaq.

İranla “altılıq” ölkələri arasında əldə olunan razılaşmaya baxmayaraq, Amerika Birləşmiş Ştatlarında respublikaçılar razılaşmanı ləğv edə və ya İrana qarşı yeni sanksiyalar qəbul edə bilər. Lakin prezident Barak Obama razılaşmaya əngəl ola biləcək istənilən qanun layihəsinə veto qoyacaq. ABŞ dövlət departamentinin mətbuat katibi Mari Harf bu barədə açıqlama verib.

“Danışıqlarda bizim mövqeyimiz belə idi ki, biz İrana qarşı sanksiyaları saxlayacağıq. İran təkcə razılaşmanın şərtlərinə əməl edəcəyi təqdirdə, ona qarşı sanksiyalar aradan qaldırılacaq. İranın hazırkı rejimi indiyə qədər nüvə danışıqlarında ən şəffaf mövqe tutan rejimdir”, - deyə Harf bildirib.

Mari Harf onu da əlavə edib ki, Lozanna razılaşması təkcə nüvə proqramı məsələsinə aiddir. İranla digər məsələlərə dair heç bir razılaşma olmayıb.

Mənbə
ANS TV, İlkin Kərimov