Bakı, 4 aprel, AZƏRTAC
ABŞ təlimatçılarının yerli hərbçilərə təlim keçmək üçün Ukraynaya gələcəyi vaxt dəqiqləşib. Onların bu ölkəyə aprelin 20-də gələcəyi bildirilir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Ukrayna və ABŞ hərbçiləri Lvov vilayətində təlim keçəcəklər. Bu barədə Ukrayna prezident administrasiyası başçısının müavini Valeri Çalıy məlumat verib. O, həmçinin Kiyevin Ukrayna-ABŞ əməkdaşlığının inkişafından razı qaldığını vurğulayıb.
Bir qədər əvvəl Pentaqonun Ukrayna milli qvardiyasına təlimlər keçmək məqsədi ilə aprel ayında ABŞ ordusunun 300 hərbi təlimatçısını göndərəcəyi bildirilirdi. Onların tərkibinə ABŞ-ın İtaliyanın Viçense şəhərində dislokasiya olunan 173-cü hava-desant briqadası hərbçilərinin daxil ediləcəyi gözlənilir.