Qədim el sənətlərinin tarixən geniş yayıldığı Şəki bu gün də öz ənənələrini qoruyub saxlayır. Papaqçılıq, dulusçuluq, misgərlik, boyaqçılıq, sərraclıq, nalbəndlik, nəqqaşlıq, bədii tikmə, xovlu parça üzərində tikmə, daş üzərində, dəmir üzərində, taxta üzərində oyma kimi qədim el sənətləri ilə yanaşı milli musiqi alətlərimizin hazırlanması ilə də məşhurdur.
"Kanal S" ( Region TV) xəbər verir ki, qəhrəmanımız gözəl tar ifaçısı Mahir Vələdov 30 ildən çoxdur ki, milli musiqi alətləri hazırlayır. Musiqi məktəbində oxuyan zaman tarında xırda təmir işlərini özü həyata keçirib və get-get bu sənətə marağı daha da artıb.
Əvvəllər milli musiqi alətlərinə maraq az olmasına baxmayaraq muğam sənətinin qorunması və təbliği sahəsində bu sahəyə maraq xeyli artıb, təbii ki, sifarişlər də çoxalıb. Musiqi alətlərinin ən vacib hissələrindən biri də onun üzlənməsi və pərdəsidir. Tar iribuynuzlu heyvanın ürəyinin pərdəsindən üzlənir. Usta gördüyü işi hər dəfə daha da təkmilləşdirməyə çalışır. Bunun isə özünəməxsus sirri var. Alətin hazırlanacağı ağacın düzgün seçilməsi vacib şərtlərindən biridir. Hazırda isə övladlarına və iki şagirdinə bu sənətin incəliklərini həvəslə öyrədir.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

