Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs əməliyyatdan sonra səhhəti ilə bağlı yeni açıqlama yayıb.

ANS PRESS-in məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəs 6 günlük koma vəziyyətindən sonra hazırda vəziyyətinin yaxşı olduğu barədə televiziyaya danışıb.

Şanlıurfanın “Güneydoğu” televiziyasının xəbərlər proqramına canlı qoşulan sənətçi sevənlərinin duası ilə səhhətinin hər gün daha da yaxşılaşdığını bildirib.

“Hazırda çox yaxşıyam. Almaniyaya getməmişdən əvvəl ABŞ-a gəlsəydim, indi qaçırdım. Əməliyyata girməmişdən əvvəl halallıq istəmişdim. Çünki bu, normaldır. Mənə əməliyyatdan çıxmaya biləcəyimi də demişdilər. Beyin əməliyyatı elə-belə bir əməliyyat deyil, apandist əməliyyatı deyil. Buna görə də əməliyyata şəhadət gətirib girmişdim”, – deyə İ.Tatlısəs qeyd edib.

Xatırladaq ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun oyandırıldıqdan sonra adi otaqlardan birinə köçürüldüyü bildirilir.

Mənbə
ANS PRESS