“Xəmsə” fanklubu mərhum Konstantin Abramenokonun xatirə turnirinin bərpası üçün AFFA-ya müraciət edib

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, “Xəmsə” fanklubu tanınmış uşaq futbol məşqçisi, mərhum Konstantin Abramenokonun xatirə turnirinin bərpası üçün AFFA-ya müraciət edib. Gəncəli azarkeşlər quruma məktub ünvanlayıblar. Bundan öncə fanatlar xeyriyyə aksiyası çərçivəsində Konstantin Abramenkodan yadigar qalan “Lokomotiv” komandasına top və qapı torları hədiyyə ediblər.

Həmin vaxt yardım üçün “Xəmsə”nin səsinə səs verən AFFA-dan azarkeşlər yenə dəstəyə ümid edərək, qurum tərəfindən yarışın təşkilinə maliyyə vəsaitinin ayrılacağı yönündə müsbət cavab gözləyir. Xatırladaq ki, Azərbaycan futboluna Maşallah Əhmədov, Asif Əliyev, Mehman Allahverdiyev, Mahmud Qurbanov və bu sıradan onlarla tanınmış futbolçu bəxş etmiş Abramenokonun sağlığında şərəfinə hər il turnir keçirilib. Vəfatından sonra eyni yarış xatirəsinə həsr olunmağa başlayıb və cəmi iki dəfə təşkil olunub. Artıq 8 ildir ki, analoji turnir keçirilmir. Azarkeşlər bu yarışın bərpasına çalışırlar.

Onu da qeyd edək ki, bu il Kostya dayı kimi tanınan mütəxəssisin vəfatından 10 il, “Lokomotiv” stadionunun salınmasından isə 50 il ötür.

Milli.Az