Tərtər, 3 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP rayon təşkilatının fəal gənclərindən bir qrupu konfransdan əvvəl ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Yadigar Səfərovun hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövrdəki fəaliyyəti ətraflı təhlil edilib, qazanılan uğurlardan bəhs olunub. Bildirilib ki, 2014-cü ildə YAP sıralarına 134 nəfər gənc qəbul edilib. Ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülən 55 nəfər bələdiyyə üzvü seçilib ki, onlardan da 35 faizi gənclərdir. YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin üzvlərindən 871 nəfəri qadın olmaqla, 450 nəfər təhsil, 150 nəfər səhiyyə, 78 nəfər elm, mədəniyyət, incəsənət, 97 nəfəri idarəetmə, 310 nəfəri isə digər sahələrdə çalışır.
Partiyanın mərkəzi aparatının məsul işçisi Araz Xudadanov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışıb, gənclərə tövsiyələrini bildiriblər.
Sonra təşkilati məsələlərə baxılıb, YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvləri və sədri seçilib, respublika konfransına nümayəndələr müəyyənləşdirilib.
Tədbirdə YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri verilib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunub.