Bakı, 3 aprel, AZƏRTAC
Karib hövzəsindəki narkotrafikə qarşı mübarizə (Operation CARIBBE) çərçivəsində keçirilən beynəlxalq əməliyyatlar zamanı Kanada və ABŞ-ın hərbi gəmiləri mart ayında qaçaqmalçılardan 5 tondan yuxarı kokain müsadirə ediblər. Bu barədə Kanada Müdafiə Nazirliyinin bəyanatında deyilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyatlarda Kanada tərəfdən Whitehorse patrul gəmisi, Amerika tərəfdən isə USS Gary freqatı və sahil mühafizə gəmiləri iştirak edib.
2014-cü ildə Karib dənizi hövzəsində aparılan əməliyyatlarda qaçaqmalçılardan 4 ton kokain və 500 kiloqramdan artıq marixuana müsadirə edilmişdi. Həmin il əməliyyatlara Kanada Hərbi Dəniz Qüvvələrinə məxsus 7 gəmi, həmçinin göyərtə aviasiyası və 4 ədəd CP-140 Aurora tipli kəşfiyyat təyyarəsi cəlb olunmuşdu.
Qeyd edək ki, Karib dənizində narkotrafikə qarşı mübarizə (Operation CARIBBE) çərçivəsində beynəlxalq əməliyyatlar 2006-cı ildən keçirilir. Bu əməliyyatlarda əsasən Kanada, ABŞ, Fransa, Böyük Britaniya, İspaniya və Niderlandın gəmi və təyyarələri iştirak edir.