Bakı, 3 aprel, AZƏRTAC
Dünya iqtisadiyyatında gedən proseslərdə bu gün Türkiyə ilə Azərbaycanın birgə əməkdaşlığı yüksək səmərə verir. AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə aprelin 3-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Türkiyənin “Rönesans” İnkişaf və İdarəçilik Elmləri İnstitutunun və “Paşa Bank”ın təşkilatçılığı ilə keçirilən “Yeni imkanlar yaradan çağırışlar” adlı seminardakı çıxışında səsləndirib.
Seminarda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, Azərbaycan dövlətinin sahibkarlığın inkişafı üçün apardığı addımlar, dünya proseslərində gedən təsirlərdən qurtarmaq üçün şərait yaradır.
Azərbaycan Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev Konfederasiyanın işi barədə ətraflı məlumat verib və bildirib ki, belə tədbirilərin keçirilməsi sahibkarların gələcək fəaliyyətlərində öz bəhrəsini verəcək.
Müxtəlif panellərdə çıxış edənlər bildiriblər ki, son qlobal maliyyə böhranından sonra dünya müstəvisində baş verən dəyişikliklər, post-böhran dövründə dünyada gedən gərgin iqtisadi proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. 2008-ci ildən başlanan beynəlxalq maliyyə-iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərməməsi üçün hökumət uyğun islahatlar və iqtisadi qərarlar verib, ölkəmizin cari maliyyə böhranından daha az zərər çəkməsi üçün bir sıra addımlar atıb.
Sonda “Son 25 ildə dəyişikləri sürətləndirən nədir?”, “Ətrafımızda baş verən geriliklərin səbəbləri”, “Qlobal iqtisadiyyat niyə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə yönəlir” və digər mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.