[ 03 Aprel 2015 13:26 ]



Bakı – APA. Koreyanın ən nüfuzlu təhsil ocaqlarından biri olan Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda (KAIST) “Azərbaycan Mədəniyyəti Günü” keçirilib.

 

Azərbaycan Koreya Respublikasındakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, KAIST və SolBridge Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və səfirliyin dəstəyi baş tutan tədbirin institutun vitse-prezidenti Myenq Sunq Hyon (Myaeng Sung Hyon) giriş sözü ilə açaraq, öz ölkələrinin mədəniyyətlərini Koreyada təbliğ etdikləri üçün azərbaycanlı tələbələrə təşəkkür edib və bu cür tədbirlərin keçirilməsinin ölkələr haqqında biliklərin koreyalı və əcnəbi gənclərə çatdırılması baxımından önəmli olduğunu vurğulayıb.

 

Səfirliyin I katibi Fərrux Cumayev isə tədbirə qatıldıqları üçün iştirakçılara təşəkkürünü bildirib, ölkəmizin gələcək inkişafında təhsilin və insan potensialının mühüm rol oynadığını qeyd edib. O, dünyada informasiya texnologiyaları və İKT mühəndisliyi üzrə qabaqcıl yer tutan KAIST İnstitutunda azərbaycanlı tələbələrin təhsil almasının ölkəmizin prioritet sahələrdən biri olan İKT sahəsinin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib və onlara uğurlar arzulayıb.   

   

KAIST İnstitutunun 300-dən artıq müəllim və tələbə heyətinin iştırak etdiyi tədbirdə Azərbaycana dair təqdimat keçirilib, mətbəx nümunələrimiz, milli rəqslərimiz iştirakçılara təqdim olunub və sual-cavab yarışmasında qalib qələn tələbələrə hədiyyələr verilib.