Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 4-ü Yer sakinləri “Qanlı Ay tutulması”nın şahidi olacaqlar.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Xıdır Mikayılov məlumat verib.
Alimin sözlərinə görə, Ay tutulması zamanı Ay Yerin kölgəsinə şimal hissədən girəcək. Tutulma saat 15:17-də başlayacaq, 17:02-də maksimum həddə çatacaq, 18:45-də isə yekunlaşacaq. Üç saat 28 dəqiqə davam edəcək bu təbiət hadisəsini Asiya, Avstraliya, Sakit okean və Amerikada müşahidə etmək mümkün olacaq. Ay tutulması hadisəsi Azərbaycanda müşahidə edilməyəcək.
Qeyd edək ki, tünd qırmızı tonlar hava mühiti amili olan Releyin yayılması nəticəsində yaranır, həmçinin qürubun qırmızımtıl rənginə səbəb olur. Tutulma zamanı Ayın boyandığı tünd qırmızı rəngə görə bəzən onu “qanlı Ay” adlandırırlar.
Bildirilib ki, bu il iki dəfə Günəş, iki dəfə Ay tutulması gözlənilir. İlk Günəş tutulması martın 20-də qeydə alınıb. Növbəti Günəş tutulması sentyabrın 13-də, Ay tutulması isə sentyabrın 28-də baş verəcək.