Keniyadakı "Əş Şəbab" terror qruplaşmasının mənsublarının ölkənin şimal-şərqindəki Qarissa Universitet Kollecinə hücumu nəticəsində həlak olanların sayı 147 nəfərə çatıb.
 
Terrorçular tələbələrlə müəllimləri dini mənsubiyyət baxımından ayırıblar. Onlar müsəlmanları buraxıblar, xristianları isə girov götürüblər.
Universitet ərazisinə soxularaq qarşılarına çıxan hər kəsə atəş açmış 4 terrorçu məhv olunub.
 
Milli.Az CNN-ə istinadən bildirir ki, universitetdə keçirilən xüsusi təyinatlı əməliyyat başa çatdırılıb.
Bu olaydan dərhal sonra Keniyanın hakimiyyət dairələri Somali ilə sərhəddəki 4 vilayətdə komendant saatı tətbiq edib.
Keniyanın daxili işlər naziri Cozef Nkaiserrinin dediyinə görə, terrorçuların hücumu nəticəsində 147 nəfər həlak olub, 79 nəfər yaralanıb. "Əş Şəbab" mənsublarının girov saxladıqları 500 nəfər azad olunub.
 
Beynəlxalq "Əl Qaida" terror təşkilatı ilə birbaşa əlaqələri olan "Əş Şəbab"ın bu gün bəyan etdiyinə görə, Keniyada ali təhsil müəssisələrinə hücumlar davam edəcək.
 
Universitet kollecinin rəhbərliyi saxlanılıb. Polis bu şəxsləri dindirir. Səbəb isə universitet kollecinin binalar kompleksinin cəmi 2 silahlı polis tərəfindən qorunması olub.
 
Keniya prezidenti Uhuru Kenyatta həlak olanların ailələrinə başsağlığı verib və bəyan edib ki, ölkədəki güc strukturlarında çalışanların sayı artırılacaq.
 
2011-ci ildə fəaliyyətə başlamış Qarissa Universiteti bölgədə yeganə ali təhsil müəssisəsidir.
 
Milli.Az