Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin birgə layihəsi olan “Vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolu: sosioloji sorğu və elmi-analitik təhlil” layihəsinın icrası uğurla davam etdirilir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin icrası ilə bağlı keçirilən tədbirdə müasir dünyanın yeni çağırışlarının Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakının təmin olunması istiqamətində aparılan işlərin daha da genişləndirilməsinin tələb etdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən islahatların uğurla həyata keçirilməsi, innovativ metodların tətbiqi sosioloji sorğular vasitəsilə müəyyən edilir və onun nəticəsində analitik təhlil aparılır. Bu metod müasir idarətmənin prinsiplərindəndir və dövrün tələbi olaraq qalır.
Birliyin sədri Yusif Ağayev, Dövlət İdarəçilik Akademiyasının “Sorğu sosial araşdırmalar” və “Siyasi araşdırmalar” institutlarının müdirləri, dosent Rüfət Quliyev və professor Elman Nəsirov və digərləri layihənin vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıblar. Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində sürətlə inkişaf edən, beynəlxalq arenada nailiyyətlər qazanan ölkəmizdə yüksək bilik və bacarığa malik yeni nəslin formalaşmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.
Sonra gənclər ekspertlər tərəfindən hazırlanan sorğu anketləri ilə tanış olub, öz fikirlərini qeyd ediblər.
Daha sonra sorğunun ilkin nəticələri və hazırlanan təhlilin slaydları təqdim olunub.