"Mən Azərbaycan xalqından qətiyyən incik deyiləm". Görkəmli cazmen Vaqif Mustafazadənin qızı Əzizə belə deyir.

ANS PRESS-in məlumatına görə, Azadlıq Radiosuna müsahibə verən Əzizə Mustafazadə bəzi məqamlara aydınlıq gətirib.

Almaniyada yaşayan dünya şöhrətli azərbaycanlı musiqiçi, "Əzizə, Sizinlə söhbətlərinizdə həmişə atanızla bağlı bir nisgil, bir inciklik duyuram. Hətta belə fikirlər də var ki, Əzizə atasına görə Azərbaycandan incikdir..." sualını belə cavablandırıb:

"Xalq atamı sevirdi. Ölkə rəhbərliyi də, Heydər Əliyev də mənim atamı çox sevirdi. 1979-cu ilin noyabrın 7-də, atamın ölümündən 40 gün əvvəl Heydər Əliyev onu xüsusi bir konsertə dəvət etmişdi. Azərbaycan mənim ana Vətənimdir. Gözəl ölkədir. Muğam, sevgi ölkəsidir.

Mənim atamın taleyi qəribə idi. O, xalqına xidmət üçün yaranmışdı. Amma vaxtilə Azərbaycanda bəzi adamlar olub ki, atama əziyyət verib. O vaxtlar həyat daha çətin idi. Bəzən bir parça kağız sənin həyatını həll edə bilərdi. O vaxtlar ölkənin sərhəddini keçmək çox çətin idi. Məsələn, bir dəfə atamı Finlandiyaya uçarkən təyyarədən geri qaytardılar. Qayıtdı gəldi və onu infarkt vurdu. Sağalması isə möcüzə idi".

Əzizə xanım atasının infarkt edən adamların kimliyini açıqlamayıb: "Adlar çəkə bilmərəm. Həyat bumenranqdır. Etdiyin pislik və yaxşılıq sənə qayıdır. Atamın bütün düşmənləri çoxdan ölüblər".
Mənbə
ANS PRESS