Bakı, 2 aprel, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi otellərin monitorinqini keçirib.
AZƏRTAC-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib ki, monitorinq zamanı otellərdə qiymət artımı qeydə alınmayıb.
Nazir deyib: “Keçən il ilə müqayisədə bu il heç bir qiymət artımı olmayıb. İnanıram ki, yay turizm mövsümündə də belə olacaq. Çünki bu, əsassızdır. Hətta yeni otellər də turistlərə maraqlı təkliflər və güzəştlər edirlər.
Nazirlik yeni turist marşrutlarının formalaşdırılmasına böyük əhəmiyyət verir. Hazırda tarixi abidələrin qorunması və bu yerlərə turistlərin cəlb olunması sahəsində işlər görülür”.
Ə.Qarayev dolların manata nisbətən məzənnəsindəki dəyişikliklə əlaqədar olaraq turizm obyektlərində qiymət artımı məsələsinə aydınlıq gətirib: “Otellərdə xidmət haqqının manatla ödənilməsində heç bir dəyişiklik yoxdur”.