Bakı, 2 aprel, Laçın Sultanova, AZƏRTAC
Məhsul ixracı ilə məşğul olan Rusiya şirkətlərinin nümayəndələri mayın 21-23-də Azərbaycana səfər edəcəklər. Rusiya İxrac Sığorta Agentliyinin (EKSAR) dəstəyi ilə keçirilən biznes-missiyanı RF İqtisadi İnkişaf Nazirliyi və RF-nin Azərbaycandakı ticarət nümayəndəliyi təşkil edəcək.
Rusiyalı ixracatçıların səfəri XI Beynəlxalq “Caspian Agro – 2015” sərgisinə həsr edilir.
Səfərin məqsədi rusiyalı kənd təsərrüfatı texnikası istehsalçıları və tədarükçüləri ilə Azərbaycan müəssisələri arasında qarşılıqlı fəaliyyətin təşkili, gələcəkdə ixracat barədə kontrakt və sazişlər imzalanmasıdır.
Biznes-missiya çərçivəsində Rusiya və Azərbaycan müəssisələrinin biznes əlaqələri birjasının keçirilməsi nəzərdə tutulur.